09 Fevral 2023
Kateqoriyasız

Rəşad Sadıqov: “Müvəqqəti iş görmək istəmirəm”

“Zirə” Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

– İlk oyun idi. Hər iki komandanın oyunçuları üçün fasilədən sonra başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik. Gözlənilməz qol buraxdıq. Halbuki rəqibin bu gedişatı üzərində işləmişdik. Amma ideal ötürmə və ideal qol oldu. Futbolçularım oyundan qopmadılar. İlk yarıda bir çox şeylər alınmırdı. Amma ruhdan düşmürdülər. Böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik.

– Fərqli hissələr izlədik. Antalya toplanışında komanda tam komplektləşib?

– Toplanışdan əvvəl də, oyunda müəyyən problemlər olurdu. İçimizdə bunu bilirik və üzərində işləyirik. İlk yarıda xüsusi narazı salan məqam yox idi. Hücumda daha kəsərli oynaya bilərdik. Amma bəzi anlarda futbolçular kəsərli ötürmələrə az üstünlük verirdi. İkinci yarıda daha yüksək motivasiya ilə oynadıq, daha böyük qüvvə ilə hücum etdik.

– Nemanya Ancelkoviçlə nəyə görə yollarınızı ayırdız?

– Futbolçu vaxtında da belə olmuşam. Özümə uyğun tələblərim, xasiyyətim var. Müəyyən şeylər var ki, onlar olmamalıdır. Onlar olanda böyük uğurlardan danışa bilmərik. Ancelkoviçlə danışdıq, mövqeyimizi bildirdik, normal şəkildə yollarımızı ayırdıq. Tərəfdarıyam ki, məşqçi ilə futbolçu arasında anlaşılmazlıq varsa, düzəlmirsə, yollar ayrılmalıdır. Detallara getmək istəmirəm. Xarakterindən də razı olmuşam. Müəyyən detallarda anlaşa bilmədik. Bu tip qərarlar məndə tez-tez olacaq. Futbolçu qarşısına böyük hədəf qoymalıdır. Olmayacaqsa, hər oyunda ürəyini qoymayacaqsa, nəticələri düşünməyəcəksə, yollarımız ayrılacaq.

– Ahmed Ayzaya “Kəpəz”də yaxşı oynayır. Onu buraxmağınıza peşman deyilsiz?

– Bir çox futbolçular var ki, özünü yaxşı tərəfdən göstərib. Bizə də təklif edilib. Futbolun içində olan şeylərdir. Onu çox bəyənirdim. Müəyyən şeylər var idi. Bu, gözə görünmür. Stabil və uğur qazanmaqdan ötrü müəyyən detallar olmalıdır. Olmasa, qazanacağın uğur müvəqqəti olacaq. Mən isə müvəqqəti iş görmək istəmirəm. Böyük, yaxşı komanda formalaşdırmaq istəyirik.

– Fasilə dönəmində istədiyinizi edə bildiz?

– Çox səmərəli oldu toplanışımız. Əvvəlki illərlə müqayisədə daha çox razı qaldım. Keyfiyyəli oyunçular təklif edildi. Bəziləri ilə müqavilə imzalaya bilmədik. Yolda olan var. Digər tərəfdən komanda üçün səmərəli toplanış alındı. Futbolçular məsuliyyətli idi. Ümid edirəm ki, ikinci dövrədə faydasını görəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43