19 Sentyabr 2024
Ölkə futbolu

Rəfiyevin 7 günlük komandası

Şəhərin tək komandası avrokuboklarla bir həftənin içində həm tanış oldu, həm də vidalaşdı. Bəli, “Sumqayıt”ın avrokubok macərası cəmi 7 günə sığdı. İki oyunun sonunda alınan yenilgi yetim qaldı. Bu məyusedici nəticələrdən sonra azarkeşlər Samir Abasovu hədəfə aldığı bir anda mütəxəssis mətbuat konfransında işlətdyi sətiraltı fikirlərlə klub prezidenti Riad Rəfiyevi hədəf göstərdi. 

Həm klub rəhbərliyi, həm də məşqçilər korpusu ortada olan bu uğursuzluğa cavabdeh şəxslərdi. Lakin Abasov ilk cəhddəcə özünü “günah keçisi” kimi qələmə verir. Öncəliklə qeyd edək ki, mövcud uğursuzluqda Abasovun günahı heç də Rəfiyevdən az deyil. 

Heç də yaxşı günlərini yaşamayan “Fehervar” qarşısında sərgilənən oyun istər futbol ictimaiyyəti, istərsə də azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. “Neftçi”nin baş məşqçisi ikən 3 fərqli turnirlərdə məğlub olaraq ölkəyə dönən elə bu Abasov idi. Avrokuboklardakı nəticələrdən sonra bu qənaətə gəlmək olar ki, onun məşqçilik səviyyəsi elə bura qədərdi, Premyer Liqa üçün yetərlidi.

O heç ki, tərəzinin digər gözündə klub rəhbəri Riad Rəfiyev qərarlaşır. Klubun başında Rəfiyev kimi Azərbaycan futbolunda adı bir dəfə olsun belə müsbət şeylə hallanmayan birinin olduğunun fərqindəyik. İllərdi bu sahədə neqativ söz-söhbətlərlə, süquta uğramaqda olan sistemin dəstəyi ilə qalıb. Onun rəhbərlik etdiyi klubun səviyyəsi də maksimum bu qədər olmalıdır.

Öz baş məşqçisi tərəfindən belə rahatlıqla hədəf taxtasına çevrilə bilən bir idarəedicidən düzgün komanda yaratmaq gözlənilən deyil.

Amma bu görüşlər həm də ötən mövsümlə hesablaşmaq idi. Hakim ədalətsizliyi iddiası ilə alınan avrokubok vəsiqəsinə ən gözəl cavab növbəti mərhələyə yüksəlmək olardı. Amma bu prinsipiallıq nə Abasovun işində, nə də Rəfiyevin komandasında göründü. Qısacası, klubun idarəetmə kürsüsündəki səhvlərin bədəli sonda bu kimi arzuolunmaz nəticələrin qeydə alınması ilə nəticələnir.

Sonu heç də yaxşı görünməyən prosesin bu həddə çatmasının səbəbkarları əlbət ki, bir gün azarkeşlər qarşısında cavab verməli olacaq. Ya gec, ya tez…

Tunar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43