“Azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı oyunun şahidi oldular. Deməyə çox söz yoxdur. Çalışırıq. İnanıram ki, “Kəpəz”lə oyunda bunun bəhrəsini görəcəyik. Hər şey qaydasındadır. Sadəcə olaraq son nöqtəni qoya bilmirik. Bunun üzərində də çalışırıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Qarabağ” oyunu (0:2) sonrası deyib. O, daha sonra jurnalistlərin cavablandırıb:
– Artıq neçənci turdur ki, eyni sözləri eşidirik…
– Nə eşitmək istəyirsinizsə, deyin, mən də onu deyim. İmkanlarımız var, amma istifadə edə bilmirik. Ancaq səbr etmək lazımdır. Problemlər “Kəpəz”lə oyunda öz həllini tapmalıdır. Bütün fikrimiz həmin matça yönəlib. Hələ ki, komandanın “sükanı arxasında”yam. İnanıram ki, hər şey qaydasında olacaq.
– “Kəpəz”ə məğlub olsaz, istefa verəcəksiz?
– Hər şey ola bilər. Əlbəttə ki, biz qalib gəlməliyik. Bunu futbolçular da dərk edir. İndi də istefa verə bilərəm. Futbolçuların əzmkarlığı, intizamı, sərgilədikləri oyun onu deməyə əsas verir ki, komanda hər şeyi edir. Sadəcə olaraq qol imkanlarından istifadə edə bilmirik. Ruhdan düşmürük. Çox işləmək lazımdır. Komandanın bu durumdan çıxması üçün əlimdən gələni edəcəyəm. 200 faiz əminəm ki, komanda Premyer Liqada qalacaq.
– Nəyə əsasən bu qədər əmin danışırsız?
– Komandaya və futbolçulara. Onlara güvənirəm. “Kəpəz”lə oyundan sonra hər şey normallaşacaq.
– Sanki küskün görünürsüz…
– Küskün olaram da. “Sumqayıt”a təzə gələndə deyirdilər ki, Vaqif komandanı çətin durumdan çıxardı. İndi deyirlər ki, Vaqif təcrübəsizdir. Yaxşı günlər də olacaq, pis günlər də. Məşqçi belə yetişir. Rəhbərlik sağ olsun, hələ ki, dözür, inanır.