“Yaxşı oyun oldu. Baxmayaraq, az qol vuruldu. Amma bu oyunda çoxlu qol imkanlarımız oldu. Qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik. “Araz-Naxçıvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı komandadır. Onlara növbəti matçlarda da uğurlar arzulayıram”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 13-cü turunun “Araz-Naxçıvan”la oyunundan sonra deyib. O, daha sonra belə davam edib:
“Qol imkanlarını icra etmək çatmadı. Elə oyunlar olur. Bəlkə də son dövrlərdə ən çox qol epizodları yaratdığımız oyun idi. Komandanın ifasında ən çox nədən xoşum gəldi? İstəkli idilər, irəlidə qorxmurdular. Çoxlu qol imkanlarımız oldu. Vura bilə bilmədik. Rəqib bir səhvimizə görə qol vurdu. Nəticədə uduzduq”.