Kateqoriyasız

“Rəqibin təhlükəli olduğunu bilirəm” – Qurban Qurbanov

“Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada “Aberdin”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını bildirib: “Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq”.

Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Azərbaycandakı oyunda “Aberdin”lə bağlı nələri öyrənmisiniz?

– Klub haqqında məlumatımız çoxdur. Sadəcə, hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komandaya və futbolçulara qarşı oynayacağıq. Mən həmişə düşünmüşəm ki, belə komandalara qarşı oynamağın faydası var. Yaxşı oyun öz yerində, “Aberdin”ə qarşı meydanda yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları var. Çox şey demək olar. Bu gün hələ ki, bunlar bəs edər.

– “Aberdin”də hansı oyunçuları təhlükəli hesab edirsiniz?

– Hansısa oyunçu haqqında fikir bildirməmişəm. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun üçün hazırlaşmışıq.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43