20 Sentyabr 2024
Ölkə futbolu

Rəqibinin ayağını qıran futbolçu: “Mənə ilk təssəlini Velinovski özü verdi”

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən “Lerik” – “Sumqayıt” görüşündə bədbəxt hadisə baş vermişdi. Belə ki, II Liqa təmsilçisinin oyunçusu Rahid Ağazadənin sərt müdaxiləsi sonrası “kimyaçılar”ın futbolçusu Kristian Velinovskinin ayağı sınıb. 

Şimali Makedoniyalı yarımmüdafiəçinin uzun müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Bu hadisənin ardından Ağazadəni kifayət qədər tənqid edənlər, onu qeyri-peşəkarlıqla qınayanlar hətta bilə-bilə etdiyini belə iddia edənlər var idi. Məsələ ilə bağlı 24 yaşlı futbolçu ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına həmin epizodu belə şərh etdi:

“Hər bir futbolçu hətta heç bir insan istəyərək belə bir hərətək etməz. Üstəlik tanımadığı, heç bir şəxsi ədavəti olmayan birinə qarşı. Hər kəs epizodun sərt müdaxilə etdiyim görüntüsünü paylaşır. Halbuki 5-10 saniyə əvəvəlinə baxsanız, topu yaxşı saxlaya bilmədiyimi və müdaxilə etmək üçün gecikdiyim açıq görünür. Bu, heç kimin istəmədiyi bir andır. Sırf mənim hərəkətimə görə, aşağı liqa komandalarını belə oyunlara buraxmağın yanlış olduğunu deyirlər. Qətiyyən doğru deyil. Çünki I və II Liqada da Premyer Liqada çıxş etməyə layiq futbolçular var”.

Ağazadə görüşün ardından Velinovskinin ziyarət etdiyini də bildirib:

“Oyundan sonra dərhal onu görməyə yollandım. Əməliyyat olacağını dedilər. Bir neçə dəfə klubun rəsmiləri ilə əlaqə saxlamışam. Nəhayət onunla görüşdüm, üzrxahlıq etdim. Özü də dedi ki, belə şeylər istəmədən olur. Hətta mənə ilk təssəlini verən Velinovski oldu. Belə bir epizod Premyer Liqada olsaydı, bu qədər danışılmazdı. Amma sırf II Liqa klubu olub deyə, bu qədər şişirdilir. Bir az aşağılamış kimi davranırlar. Ümid edək ki, bir də heç bir liqada belə hadisə yaşanmaz. Bu, iki tərəf üçün çətin bir an idi”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43