“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandasının heyətində 300-cü oyununu keçirib.
İdmanxeber.az apa-ya istinadən xəbər verir ki, bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.
“Partizani” ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin “Qarabağ”da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən Rəşad Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.
Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən “Qarabağ”ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.
“Qarabağ”da 300 və daha çox oyun keçirənlər
yer futbolçu Oyun
1. Maksim Medvedev – 405
2. Müşfiq Hüseynov – 394
3. Yaşar Hüseynov – 380
4. Səttar Əliyev – 369
5. Aslan Kərimov – 346
6. Elşad Əhmədov – 339
7. Qara Qarayev – 320
8. Ansi Aqolli – 316
9. Rəşad Sadıqov – 300