Kateqoriyasız

Rəşad Sadıqov: “Bunun arxasında nəyin dayandığını bilmirəm” – Video

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

O, məğlub olduqları 2:3 hesabı ilə məğlub olduqları və iki görüşün nəticəsinə görə (ilk oyun – 2:1) mübarizəni dayandırdıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun haqqında çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən və sonra baxasan ki, meydanda nələr baş verib. Uşaqların alnından öpürəm, onları bağrıma basıram. Futbolçularımla qürur duyuram. Bu gün meydanda istədiyim komandanı gördüm. Onların 10 nəfərlə hücuma atılmaları, qol epizodu yaratlmaları təqdirəlayiqdi. Mənim görmək istədiyim “Zirə” budu. Komandamın gələcəyi var, daha yaxşı işlər görəcəyik.

Mən necə özümdən çıxdım? Baş hakimə bildirdim ki, penalti yoxdu, belə penalti vermirlər. Futbolçuların əziyyətinə heyfim gəlir. Bu məsələlərin kökündə nələrin durduğunu bilmirəm. Çox dərin məsələyə oxşayır. Çempionatda bizim xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var. Qapımıza verilən haqsız penaltilərin sayı bir deyil, iki deyil. Hansı birindən danışaq? Bilmirəm ki, bunun arxasında nə dayanır.

Qırmızı vərəqə almağıma gəlincə, həqiqətən mənə də çox maraqlıdı. Texniki zonanı pozmuşamsa, sarı vərəqə versin. Mənə niyə qırmızı verdi? Bir kəlmə artıq söz işlətməmişəm. Sadəcə, demişəm ki, penalti yoxdu. Cərimə meydançasında hər toqquşma qırmızı vərəqə deyil. Bilmirəm nə şərh bildirim. Məsələ bizim avrokuboka düşməyimizdimi? Getsək və ya getməsək, nə olacaq? Kuboku qazansam və ya qazanmasam, nə olacaq? Mənim üçün dəyişən bir şey yoxdu. Heç nə olmayacaq. Alınmasa, Rəşad dəyişilir və ya hörməti azalır? Mənə bir kuboka görə hörmət olunacaqsa, mən elə hörmət istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43