27 Dekabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Mən müdafiə futbolu oynatmıram”

“Gərgin matçın şahidi olduq. Qoldan sonra oyunun gedişatı dəyişdi. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra üstünlük bizim tərəfə keçdi. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Bərabər səviyyəli oyun gedirdi. Qol vuran qalib gələcəkdi. Artıq bu oyun geridə qaldı, növbəti matça hazırlaşacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Mən müdafiə futbolu oynatmıram. Ola bilər ki, “Sabah” və ya “Qarabağ”a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda müdafiə futbolu oynamamışıq. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Oyun 1-2 epizodla şərh olunmamalıdır. Mən nəticəyə hesablanmış futbol oynatmıram.

Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur. İlk dəfədir ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynadıq. Bu da rəqibə uyğun idi. İstəyərəm ki, epizodları təhılil edək, statistikaya baxaq. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Meydanda heyətimiz də hücumameyilli olub. Bu fikir bilirsiz haradan yaranıb? 1-ci yerdə gedirik deyə, daha baxımlı oyun gözləyirlər. Biz buna hazır deyilik. “Qarabağ”, “Sabah”la hücum futbolu oynaya bilmərik. Mən müdafiə futbolu oynasaydım indi 8 yox, 3 qol buraxardıq. Qapıçılarımız, müdafiəçilərimiz etibarlı oynayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43