27 Dekabr 2024
Ölkə futbolu

“Ramil Şeydayevə “Sabah”dan, “Neftçi”dən təklif gəlsəydi, Türkiyəyə getməzdi”

“Azərbaycanlı futbolçuların Türkiyə I Liqasına üz tutmasının müxtəlif səbəbləri var. Yanaşmalar fərqlidir. Çünki həmin çempionatda problemlər çoxdur. Maaş məsələsinə görə çətinlik yaranır, daha sonra oyunçular şikayət edirlər. Bu kimi hallara çox rast gəlmişik. Ancaq bunlarla belə, oyunçularmızın Türkiyəyə getməsinin səbəblərindən bir neçəsi dil, din, yemək-içmək kimi rahatçılığın olmasıdır. Buna görə də futbolçular bu ölkəyə üz tuturlar”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov futbolçularımızın Türkiyə I Liqa klublarına transfer olunması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Amma burada əsas baxılası məsələ getdiyin klubun nə qədər iddialı olmasıdır. Əgər komandanın Super Liqaya iddiası varsa, orada möhkəmlənə biləcəksə, o zaman seçim daha doğru olacaq. Çünki Türkiyə əsas çempionatı müəyyən qədər keyfiyətlidir. Gedib “Qalatasaray”a, “Fənərbağça”ya, “Beşiktaş”a qarşı oynamağı hər kəs istəyər”.

“Qarabağ”ın sabiq oyunçusu azərbaycanlı futbolçulara Türkiyə klublarından başqa Avropa ölkələrindən niyə təklif gəlmədiyini belə şərh edib:

“Bu, çətin məsələdir. Niyə təklifər olmadığının çox səbəbləri var. Bəlkə də istəyən olur, şərtlər düz gəlmir. Məsələn, Ramil Şeydayev Tailandda çox əziyyət çəkdi. Müsəlman kimi orada yaşamaq çətin oldu. Uyğunlaşmaq asan deyil. Türkiyədə yaşamaq isə daha rahatdır. Amma “Sabah”dan, “Neftçi”dən təklif olsaydı, Türkiyəyə getməzdi. Avropadan istəyən olmadığı bəllidir.

Eyni sözlər Vüsal İsgəndərli üçün də keçərlidir. Albaniyada çox çətinlik çəkib. Yadıma gəlir, o vaxtı Rauf Əliyev də eyni problemlərlə üz-üzə gəlmişdi. Bu, mentalitetdən, yaşayış tərzindən asılı bir durumdur. Təəssüf ki, biz bu problemləri həll edə bilmirik. Yalnız Mahir Emreli hazırda Xorvatiyada qalıb. O, gəlmək istəmir, oralarda qalmaq niyyəti var. Bu sevindirici haldır. Ümid edək daha da irəli gedər”.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə (Tuzlaspor), Coşqun Diniyev (Ümraniyəspor) yaydan Türkiyə I Liqasında çıxış edir. Sertan Taşkın (Manisa), Vüsal İsgəndərli (Boluspor) və Ramil Şeydayev isə (Kocaelispor) qış transfer dönəmində qardaş ölkəyə üz tutub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43