Müsahibə

Ramil Şeydayev: “Bunu “Trabzonspor”un baş məşqçisi Ərsun Yanaldan soruşun” – MÜSAHİBƏ

Türkiyənin “Trabzonspor” klubundan Slovakiya “Zilina”sına 1,5 illik icarəyə verilən Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev “Sport den za dnyom”un suallarını cavablandırıb.

İdmanxeber.com həmin müsahibəni təqdim edir…

– “Jilina”ya keçidiniz necə alındı?

– Slovakiya klubundan təklif gəldi. Hər şeyi götür-qoy etdim və ora yollanmağı qərara aldım. “Jilina” yaxşı komandadır. hazırda turnir cədvəlinə başçılıq edir. Ümidvaram ki, növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanacaq. “Trabzonspor”dakı keçmiş komanda yoldaşlarım Bero və Düritsa dedi ki, “Zilina” böyük, səviyyəli klubdur. Baş məşqçi ilə söhbət etdim. O, gəlişimə şad olduğunu bildirdi. Söhbətimizin məğzi “Sən bizə, biz də sənə kömək edərik” kimi oldu. Təbii ki, heyətdə mənə heç bir təminat verilməyib. Ciddi rəqabətə dözməli olacağam. Bilirəm ki, “Jilina” çoxlu qol vurur. Deməli, uyğunlaşmaq asan olacaq.

– “Jilina”nın hansısa futbolçusunu əvvəllər tanıyırdınız?

– Xeyr. Amma uşaqlarla yavaş-yavaş tanış olacağam. Azacıq ingiliscə öyrənmişəm. Bəzi futbolçular rusca bilirlər. Ona görə də ünsiyyət sarıdan heç bir maneə yoxdur. Fiziki formamı toplayıram. Bu həftə başlanacaq çempionata hazır olacağam.

– “Jilina”nın rəngləri sarıdır?

– Deyərdim ki, sarı-yaşıldır. Özümə 90 nömrəli formanı seçdim.

– “Zenit”də çıxış etdiyiniz formanı?

– Bəli.

– Harada yaşayırsınız?

– Hələlik mehmanxanada. Fikrimcə, yaxın günlərdə mənzil kirayələyəcəyəm. Hər şey yaxşıdır.

– Jilinadakı hava Trabzondakından çoxmu fərqlənir?

– Hazırda xeyr. Türkiyədə qış çox da isti deyil. Yalnız fevralın ortalarında bir qədər isnir. Bu səbəbdən, iqlim şəraitinə tez alışacağam.

– “Trabzonspor”dan necə ayrıldınız?

– Normal. Türkiyə klubu ilə uzunmüddətli müqaviləm var. “Jilina”da ilyarım ərzində icarə əsasında çıxış edəcəyəm. “Trabzonspor”da mənə uğurlar arzuladılar. Hər şey normaldır.

– Türkiyə çempionatında cəmi bir oyun keçirdiniz. Ölkə kubokunda qolla yadda qaldınız. Türkiyədə keçirdiyiniz yarım ili necə dəyərləndirirsiniz?

– Fikir yürütməyim çətindir. Bu, futboldur. Nə isə alınmadı. Oyun praktikası qazanmaq üçün icarəyə getdim. Həyatda belə məqamlar olur. Ruhdan düşməmək, işləmək sübut etmək lazımdır. Hər şey özümdən asılıdır.

– “Alınmadı” ifadəsini işlətdiniz. Amma əvvəldən məlum idi ki, sizin kimi gənc forvardın Türkiyənin tanınmış klublarından birinin əsas heyətinə düşməsi çətin olacaq. Özünüzə qarşı çox sərt davranmadınız?

– Bu sualı yaxşı olardı ki, “Trabzonspor”un baş məşqçisi Ərsun Yanala verərdiniz. Fikrimcə, oynamağa hazır idim. Nəyə görə alınmadı? Bilmirəm.

– Türkiyə çempionatının xüsusiyyətləri nədən ibarətdir?

– Yaxşı, güclü çempionatdır. Gözlədiyimi gördüm: yaxşı azarkeşlər, gözəl meydanlar, maraqlı çempionat. Bir sözlə, hər şey xoşuma gəldi. “Trabzonspor”da möhtəşəm kollektiv var. Bütün uşaqlarla normal ünsiyyətdə idik.

– “Trabzonspor”un “Zenit”dəki çıxışları ilə tanınmış əfsanəvi forvardı Fatih Təkkə ilə yolunuz kəsişmədi?

– Xeyr, bir-birimizi görə bilmədik.

– Türkiyədəki qeyri-sabit siyasi durumun qərarınıza hər hansı təsiri oldu?

– Xeyr. Trabzonda sakitçilik idi.

– Türkiyədə həyat düzəni Rusiyadan çoxmu fərqlənir?

– Əlbəttə. Amma mənə bu həyata öyrəşmək lazım deyil.

– “Trabzonspor” böyük klubdur?

– Bəli. Mənim üçün heç bir problem ortaya çıxmadı. Yalnız oynamaqdan başqa. Yerli azarkeşlər mənə çox isti münasibət göstərirdilər. Trabzonda futbolu çox sevirlər. Azarkeşlər bütün futbolçuları tanıyır və daim dəstəkləyirlər.

– Azərbaycan yığmasında siz “Trabzonspor”dakından çox oynadınız. Milli komandaya çağırış ürəyinizcə idi?

– Belə deyərdim: Yığmaya çağırılmağıma şadam. Hiss edirdim ki, məni dəvət etməkdə maraqlıdırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milliyə tez uyğunlaşdım. İlk oyunlardan komandaya mümkün qədər çox fayda vermək istəyirdim.

– “Zenit”i izləyə bilirsiniz?

– Əlbəttə. Oyunlarına baxıram, uşaqlarla danışıram.

– “Zenit” Avropa Liqasının 1/16 finalında “Anderlext”i üstələyə biləcəkmi?

– Fikrimcə, bəli. “Zenit”in səviyyəsi yüksəkdir.

– Etiraf edin: Sankt-Peterburqu tərk etməyinizə və vətəndaşlığınızı dəyişməyinizə peşman deyilsiniz?

– Xeyr, təəssüflənmirəm. Getməsəydim, təəssüflənərdim.

– “Zenit”də möhkəmlənmə şansı görmürdünüz?

– Niyə ki? Şans həmişə var. Sadəcə, özümü başqa ölkədə, başqa çempionatda yoxlamaq istədim.

– “Zenit” sizə yeni müqavilə təklif etdi?

– Bəli, təklif etdi. Amma mən düzgün seçim etdim.

– Yaxın 1,5 ildə hədəfləriniz nədən ibarət olacaq?

– Özümü ən yaxşı tərəfdən göstərmək, “Zilina”nın əsas heyətinə düşmək və orada möhkəmlənmək, avrokuboklarda mümkün qədər uğurla çıxış etmək. Azərbaycan yığması ilə bağlı ümidlərim böyükdür. Hazırda qrupumuzda 3-cü pillədəyik. Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq üçün yaxşı şanslarımız var. Bütövlükdə hamımız və ayrılıqda özüm üçün bu, böyük, vacib hadisə olardı.

– Bir sözlə, döyüşkən əhval-ruhiyyədəsiniz?

– Əlbəttə. Qarşımdakı hədəflərə çatmaqda tam qərarlıyam.

Tərcümə: report


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43