“Qarabağ”ın iki futbolçusu Ramil Şeydayev və Musa Qurbanlı yubiley qollarını vurublar.
İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz”la görüşdə hesabı açan Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan Kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.
Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.
“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, “Qarabağ” səfər qarşılaşmasında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.