Ölkə futbolu

Ramin Musayev PFL-i biabır etdi

Sabiq FİFA referisi Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoyulub.

Bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib.

Musayev bildirib ki, klub prezidenti Mais Mənsimov ondan Yusifovun bir daha “ağ-yaşıllar”ın oyunlarına təyinat almamasını istəyib.

Mənsimov istəyini təcrübəli referinin “Xəzər Lənkəran”ın oyunları zamanı səhvlərə yol verməsi ilə əsaslandırıb. PFL prezidenti də Mənsimovun dəlillərini əsaslı sayaraq, bu xahişi yerinə yetirib: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir.

Amma PFL rəhbəri kimi ixtiyarım var ki, onlardan hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”.

Qeyd edək ki, Fariz Yusifov bu mövsüm Azərbaycan Premyer Liqasında “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilmiş 18 matçdan cəmi 2-nin baş hakimi olub.

Bunlar 2-ci turda “Simurq”la səfər, 4-cü turda isə “Neftçi” ilə ev oyunlarına təsadüf edib. Hər 2 qarşılaşma qolsuz yekunlaşıb – 0:0.

Əslində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin bu açıqlaması tamamilə ziddiyyətlidi. Bu açıqlama onu göstərir ki, Hakimlər Komitəsinin müstəqilliyi formal xarakter daşıyır.

PFL prezidenti zaman-zaman hakimlərin təyinatı məsələsinə müdaxilə edir. Mətbuatda Musayevin belə müdaxilələri ilə bağlı dəfələrlə məlumat yer alsa da, PFL prezidenti hər dəfə bunları təkzib edirdi. İndi isə özü etiraf edib.

Musayevin açıqlamasından daha bir sual doğur-PFL prezidenti “Xəzər Lənkəran” rəhbərliyinin xahişi ilə hansısa hakimin  komandanın oyununa təyinat almasına qadağa qoyursa, deməli, bunu digər klub rəsmilərinin xahişi ilə də edə bilər. Təbii ki, bu da yolverilməz, qeyri-peşəkar addımdı.

Ancaq düşünmürük ki, Ramin Musayev rəhbərlik etdiyi qurumun qeyri-peşəkar fəaliyyətini faş edən açıqlamanı bilməyərəkdən verib. Yox, bunun arxasında  pərdəarxası oyunların cizgiləri görünür. (publika.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43