Salam, dar ağacı! Mənəm, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev. Artıq vəzifəmdən istefa vermişəm. Onsuz da bu aralar istefalar yaman dəb olub. Baxdım Tahir Süleymanova, Böyükağa Hacıyevə, “onlardan nəyim əksikdi” deyib, mən də rəhbərlik etdiyim qurumu tərk etdim.
Dar ağacı, istefamın əsas səbəbi başqadı. Əvvəllər “Xəzər Lənkəran” çempionatdan çəkiləcəyini deyirdi. Bir təhər Mübariz Mənsimovun başını bişirdik və komandası Premyer Liqada qaldı. Sonra “Neftçi” bir az səs-küy saldı, Sadıq Sadıqovu da yola gətirdik. Bunları görən Nuru Əliyev də cuşa gəldi, amma onları da əsas liqada saxlamağı bacardıq. Ancaq xeyri olmadı, “Rəvan” yenə də aşağı dəstəyə getdi.
İndi də “Araz Naxçıvan”ın təbi gəlib. Nə olsun ki, Xəqani Məmmədov hakimlikdən qovulandan sonra AFFA-ya gəlib. Sağ olsun, Elxan Məmmədov ona qucaq açıb, işə götürüb. Nə olsun ki, həmin Məmmədov Naxçıvanda döyülüb. Sözümün canı var, dar ağacı!
“Araz Naxçıvan” da bizi çempionatdan çəkilməklə hədələdi. Ancaq onları da çəkilməmək üçün dilə tutduq. İndi şərt qoyublar. Şərt qoyublar ki, həm sənə dediyim hakim başı, həm də onun bir neçə yetirməsi Naxçıvana gəlməsin, ümumiyyətlə onların oyununa çıxmasın.
Bezmişəm dar ağacı, bezmişəm. Məni yaxşı işləməməkdə günahlandırırlar. Axı mən nə edim? “Qarabağ”la “Neftçi”nin oyunlarını təxirə saldım ki, Avropa Liqasına yaxşı hazırlaşsınlar. Amma “Neftçi” üzümü qara etdi. Millinin oyununa görə turu təxirə saldım, məni biabır elədilər. Bu jurnalistlər də mənə deyir ki, niyə turları təxirə salırsan? Dar ağacı, axı onlara deyə bilmirəm… Deyə bilmirəm ki, mən kiməm Elxan Məmmədovun, Berti Foqtsun sözünün qabağına söz deyim. Axı onlara deyə bilmirəm ki, Mübariz Mənsimov, Sadıq Sadıqov, Nuru Əliyevdən sonra bir də naxçıvanlılarla düşmən olmaq istəmirəm.
Niyə susursan dar ağacı? Sən mənim yerimdə olsan nə edərdin? Susursan, sən də istefama sevinirsən. İndi denən dar ağacı, mən nə edim? Danışmırsan, sağol dar ağacı, sağol!
aut.az