“MOİK I divizionun aparıcı klublarındandır. Oyunları ilə maraqlanmışdıq. “Neftçi” ilə matçda bəzi futbolçuların biabırçı çıxışından sonra uşaqları motivasiya etməyi bacardıq”.
İdmanxeber.com-un xəbərinə görə, bunu “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, Topaz Premyer Liqasının XIII turunda “Neftçi”yə 1:3 hesablı məğlubiyyətdə iştirak edən bəzi futbolçuları ehtiyatda saxlamağı lazım bilib: “Əvəzedicinin uşaqlarına da şans verdim. Sağolsunlar, təcrübəli futbolçularla sözü bir yerə qoyub oyunu uddular. Qarşıda “Qəbələ” ilə çempionat matçımız var. Elə bu uşaqlarla da hazırlaşacağıq”.