“Barselona” və “Sevilya” arasında keçiriləcək UEFA Super Kuboku uğrunda qarşılaşma avqustun 11-də Tiflisdəki “Dinamo” stadionunda baş tutacaq. Növbəti illərdə Avropa Liqasının və ya Çempionlar Liqasının final mərhələsinin, yaxud UEFA Super Kuboku oyununun Azərbaycanda təşkili mümkündümü? Bunun üçün hansısa təkliflər varmı?
İdmanxeber.com-un məlumatına görə, modern.az saytı AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyevin fikirlərini öyrənib. O bildirib ki, 2017-ci ildə 17 yaşadək futboçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək:
“I Avropa Oyunları onu göstərdi ki, Azərbaycan nəinki Avropa, hətta Olimpiya Oyunları keçirə bilər. Bunun üçün bizim 65 min nəfərlik Bakı Olimpiya Stadionumuz var. UEFA kubokunun finalını yüksək səviyyədə Azərbaycanda keçirə bilərik. Buna tam hazırıq və bu məsələ ilə bağlı heç bir problem yoxdu. Azərbaycanda idman icra strukturu o qədər təkmilləşib ki, həm Avropa Liqasının, həm Çempionlar Liqasının final oyununu, həm də UEFA Super Kuboku oyununun Azərbaycanda təşkilində heç bir problem yoxdu.
2020-ci ildə Avropa çempionatının bir qrup mərhələsi sırf Azərbaycanda keçiriləcək. Artıq UEFA-nın İcraiyyə Komitəsi bunu təsdiq edib. Gələcəkdə ola bilər ki, Avropa və dünya Çempionatı, Avropa Liqası və Çempionlar Liqasının final oyunları Azərbaycanda təşkil olunsun. Bu cür idman oyunlarına ev sahibliyi etməyə Azərbaycan tam hazırdı”.