23 Sentyabr 2024
Ölkə futbolu

“Regekampf mənə qarşı çox haqsızlıq etdi” – sabiq “Neftçi”li

Ötən mövsüm “Neftçi”də çıxış edən Mert Çelik hazırda Türkiyə I Liqa təmsilçisi “Bandırmaspor”da forma geyinir. Müqavilə ilə “Başakşəhər” klubuna məxsus olan oyunçu ilə hazırkı karyerası və “Neftçi” barədə danışdıq. 

Mert Çelikin İdmanxeber.az saytına müsahibəsi

– Hazırkı klubunda vəziyyətin necədir?

– Karyeramı Türkiyə davam etdirmək istəyirdim. Hədəfi olan, çempion olmaq istəyən bir klubda çıxış etmək daha yaxşıdır. Hazırda hər şey istədiyim kimidir. Çempionatda 3-cü yerdəyik. Hədəfimiz çempion olub Super Liqaya çıxmaqdır. Düşünürəm ki, bunu bacaracağıq.

“Neftçi”dəki dəyişikliklər barədə nə düşünürsən?

– “Neftçi”nin hər matçını izləyirəm. Komandadan ayrılandan sonra keçirdikləri hazırlıq görüşlərinə belə baxmışam. Ümid edirəm tezliklə toparlanıb, haqq etdikləri yerdə – üst sıralarda olarlar. Yeni rəhbərlik, oyunçular gəlib. Hər şey zamanla daha da yaxşı olacaq. Buna inanıram.

– Səncə, Mutu ilə “Neftçi” nəyə nail ola bilər?

– Mutu dünyaca məşhur futbolçu olub. Kifayət qədər təcrübəsi var. Belə bir məşqçinin xeyri həddən artıq çox olacaq.

– Milliyə niyə çağrılmırsan?

– Hazırda Türkiyədə çıxış etdiyim klub yaxşı qrafik cızır. Mənim mövqeyimdə oynayan futbolçular çox əla çıxış edir, ona görə də oynamaq üçün az vaxt alıram. Böyük ehtimalla səbəbi budur. İnanıram ki, daha çox oynayacağım halda yenidən milliyə dəvət alacam. Yığmada çıxış etməyi həddən artıq çox istəyirəm.

Yenidən “Neftçi”yə dönməyi düşünürsən?

– “Neftçi” hər zaman qəlbimdə qalacaq. Əlbəttə ki, bir gün dönə bilərəm. “Neftçi” mənim evimdir, ailəmdir və yenidən evimə dönmək istəyərəm.

Ötən mövsüm “Neftçi”də az oynayırdın. Səbəbi nə idi?

– Start heyətində çıxış etdiyim zaman yaxşı performans göstərirdim, amma nədənsə növbəti oyunda çıxış etmirdim. Səbəbini bilmirəm. Bir şeyə əminəm ki, Regekampf mənə haqq etdiyim şansı vermirdi. Mənə qarşı çox haqsızlıq etdi.

“Başakşehir”də qalmaq və karyeranı orda davam etmək çətin idi?

– İstəsəydim “Başakşəhər”də qala bilərdim. Ancaq istədiyim oyun şansını qazana bilməzdim. Mən oynamaq istədim və ona görə də yenidən icarəyə verilməyə razı oldum. “Bandırmaspor”da xoşbəxtəm və burada qələbələr qazanaraq Super Liqaya çıxmaq istəyirəm. Və bunu bacaracağıq.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43