“Qəbələ”nin futbolçusu Rəşad Sadiqovun İdmanxeber.com-a müsahibəsi.
Demək olar ki, cütün taleyini böyük ölçüdə həll etdiniz?
– Demək olar, bəli həll etdik. Səfərdə iki qol vurmağımız yaxşı oldu. Baxımlı oyun alındığını demək olar. Hər iki komanda yaxşı oyun sərgilədi. Düzdü, rəqib əks-hücumlara bel bağlamışdı. Biz isə açıq futbol oynayırdıq. Buna rəğmən azarkeşlər və özümüz üçün maraqlı oyun keçdi. Layiqli qələbə qazandığımızı deyə bilərəm.
Hesabı açdıqdan sonra “Zirə”nin qolu gözlənilməz oldu. Ani diqqətsizlikdən oldu?
– Futbolda səhv olmasa qol olmazdı. Hansısa futbolçu səhv etməlidi ki, qol olsun. Bir səhv etdik “Zirə” qol vurdu. Buna rəğmən ruhdan düşmədik və oyunumuza davam etdik. Qələbə topunu da vurub qalib gəldik.
Maraqlıdı ki, hər iki qolu standart vəziyyətdən vurdunuz…
– Yox, heç işlənilmiş bir şey deyil. Standart vəziyyətlərdən istifadə etməyə çalışırıq. Çünki hündürboy oyunçularımız var. Belə vəziyyətlərdə onlardan yararlanmağa çalışırıq. Baş məşqçi də tapşırır ki, bunlardan yararlanmaq lazımdı. Düzdü, başqa qol epizodlarımız da oldu. Ancaq ikisini də standartdan vurduq.
Baş məşqçi ilk dəqiqələrdən necə oynamağı tapşırıq vermişdi, ilk dəqiqələrdən hücum, yoxsa daha çox pressinq?
– Bizə deyilməmişdi ki, arxada oynayaq. Sadəcə, hər bir zaman hücum etmək və qollar vurmaq lazımdı. Roman Qriqorçuk demişdi ki, səfərdə qollar vurmaq lazımdı ki, evdə daha rahat oynayaq. Mənə elə gəlir ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bildik.
Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız. Hansı ki, ardıcıl üç turdu məğlub olur. Bu görüşdə sizin üstünlüyünüz olacaq?
– Yox, favorit belə deməzdim. “Neftçi” evdə oynayır, yaxşı da komandadı. Heyətində gənc oyunçuların olmasına baxmayaraq, çox qaçan və vuruşan komandadı. Əlimizdən gələni edəcəyik. Çünki bundan sonra bizdə xal itkisi yolverilməzdi. “Qarabağ” və “Zirə” xal ehtiyatına görə bizdən çox aralanıb. Heç bir komanda ilə oyunda xal itirməməliyik.
Bütün diqqət kubokdadı yoxsa, çempionatdadı?
– Hər iki cəbhədə oynayırıq. Həm kuboku, həm də Premyer Liqada çempionluğu qazanmaq istəyirik. Hansını qazandıq, qazandıq. İnşallah ki, həm kuboku qazanaq, həm də Premyer Liqanı. Gücümüz buna imkan verir.