Premyer Liqa

“Rəvan” “Bakı” ilə oyuna iki ciddi itki ilə çıxacaq

Topaz Premyer Liqasının 3-cü turunda “Rəvan” rəqib meydanında “Bakı” ilə qarşılaşacaq.

Klubun rəsmi saytına istindən verdiyimiz məlumata görə, bu görüş öncəsi “aslanlar” son məşqə çıxıb.

 
Meydan sahiblərinin təlim-məşq bazasının stadionunda baş tutan hazırlıq 1 saat çəkib. Oyunöncəsi son hazırlıqda baş məşqçi Vladislav Qədirov yetirmələrinin toplu çalışmalarına xüsusi diqqət ayırıb. Qapıçılar Lukaş Sapela və Fuad Əhmədov isə qapıçılarla işləyən məşqçi Kamil Qafarovun rəhbərliyi altında ayrıca məşq edib. Futbolçular taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib.
 
Komandanın heyətində ilk turda “Simurq” ilə oyunda dizindən xəsarət alaraq ilin sonuna qədər sıradan çıxan Tofiq Mikayılovdan başqa zədəli futbolçu yoxdu. Amma Miloş Adamoviç “Neftçi” ilə oyunda ikinci sarı vərəqə almaqla meydandan qovulduğundan bu görüş üçün cəzalı durumdadı.
 
Qeyd edək ki, “Bakı” – “Rəvan” oyunu “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək və görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanın “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacağını da bildirək. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43