Ölkə futbolu

“Rəvan”ın 8 ay futbola həsrət qalan oyunçusu: “Nəyəsə təsir edə bilməyəcəyini dərk etmək ağır idi”

Əvəzedici komandaların çempionatında “Rəvan” son turda “İnter” ilə qarşılaşdı. “Şəfa” stadionunda baş tutan görüşdə “aslanlar” inanılmaz əzmkarlıq nümayiş etdirərək 0:2-ni 2:2-yə dəyişməyə nail oldu.

Oyunun əsas məqamlarından biri isə bərabərlik qolunun ötürməsini verən Tofiq Mikayılovun yaşıl meydanlara dönüşü oldu. Belə ki, ikinci yarının ortalarında meydana çıxan Mikayılov təxminən 8 aylıq fasilədən sonra rəsmi oyun iştirakçısı oldu. Ötən il avqustun 3-də Qəbələdə “Simurq” ilə səfər görüşündə ön xaçvari bağları qırılan yarımmüdafiəçininin yaşıl meydanlara dönüşü məhz “İnter”lə oyuna təsadüf etdi.

Görüşdən sonra isə Tofiq Mikayılov klubun rəsmi saytına danışıb. Mikayılov öncə zədəli günlərini xatırlayıb: “Allah heç bir idmançıya belə zədə göstərməsin. Çox çətin idi. Çox istəyirdim ki, çətin günlərdə komandanın yanında olum. Ancaq alınmırdı. Kənardan baş verənləri izləmək, nəyəsə təsir edə bilməyəcəyini dərk etmək ağır idi. Görünür, qismət belə imiş. Amma indi sevinmirəm ki, artıq yaşıl meydanlara qayıtmışam. Əvəzedicilərdə olsa belə, rəsmi oyun həyəcanı fərqlidi. İnşallah, 2-3 oyuna formaya düşməyə çalışacam. Məqsədim ən qısa zamanda əsas komandaya qayıtmaqdı. Qarşıda hələ 9 tur var. İnşallah əsas komanda da oynamaq imkanı əldə edərəm”.

“İnter”lə görüş barədə danışan Tofiq bunları söyləyib: “İlk yarıda komanda zəif təsir bağışladı. İkinci hissədə isə uşaqlar doğrudan da gözəl oynadılar. Anar müəlllimi də təbrik edirəm. Gözəl komanda yaradıb. Mən heç vaxt öz oyunumdan razı qalmıram. 8 aydan sonra meydana çıxdığımdan tam hazır deyiləm təbii ki. Hazırda mənə bir qədər vaxt lazımdı. Düzdür, qol ötürməsi verdim və buna da şükür deyirəm. Amma hələ çox çalışmalıyam ki, əvvəlki formamı bərpa edim. Yalnız oyun praktikasını artırmaqla formamı bərpa edə bilərəm”.

Sonda Mikayılov ona çətin günündə dəstək olan rəhbərlik və məşqçilərə təşəkkür etməyi də unutmayıb: “Tam hazır olub formaya düşəndən sonra əsas komandaya qayıtmaq istəyirəm. Yeni baş məşqçinin mənə inanmasının boşuna olmadığını göstərməyə çalışacam. Yeri gəlmişkən, ona və xüsusən də rəhbərliyə mənə çətin dönəmdə dəsətək olmalarına görə təşəkkür eidrəm. Bunun əvəzini meydandakı oyunumla verməyə çalışacam”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43