“Neftçi” – “Dinamo” (Tiflis) 3:0(1:0)
10 may, 1987-ci il. Bakı, V.İ.Lenin adına Respublika stadionu. 37.616 tamaşaçı.
Hakim: İvan Timoşenko (Rostov).
Sarı vərəqələr: Əsgər Abdullayev, Zaur Svanadze.
Qollar: Maşallah Əhmədov, 42; Şakir Qəribov, 62; Nazim Süleymanov, 75.
Neftçi: 1. Aleksandr Jidkov, 2. Andrey Fedorovski, 3. Mustafa Bilalov, 4. Arzu
Mirzəyev, 5. Valerii Pançik, 6. Nazim Süleymanov, 7. Mehman
Allahverdiyev (Samir Ələkbərov, 83), 8. Şakir Qəribov, 9. İqor
Ponomaryov, 10. Maşallah Əhmədov, 11. İsgəndər Cavadov.
Baş məşqçi: Ağasəlim Mircavadov
Dinamo: 1. Otari Qabeliya, 2. Zaur Svanadze, 3.
Areksandr Çivadze, 4. Vissarion Çediya, 5. Axrik Sveyba, 6. Zaza
Revişvili, 7. Merab Jordaniya (Mamuka Pansulaya, 77), 8. Tengiz
Sulakvelidze, 9. Qriqori Saava, 10. N.Kapilaşvili (Ramaz Şengeliya, 57),
11. Giya Quruli
Baş məşqçi: Kaxi Asatiani.
Həmin oyundan 26 ildən çox vaxt keçib. Amma elə bil dünən olub. Mənim
üçün. İndən belə 26 il də keçsə, yadımdan çıxmayacaq. Çünki, ilk dəfə
1987-ci ilin 10 mayında, 10 yaşım olanda rəhmətlik atam məni stadiona –
futbola baxmağa aparmışdı. Zarafat deyildi, ağ-qara televizorda
oyunlarını baxdığım futbolçuları həyatda görəcəkdim, oyunlarını canlı
izləyəcəkdim. Vurulan hər 3 qol, qarşılaşma ilə bağlı bir çox maraqlı
məqamlar hələ də yadımdadır. Hətta oturduğumuz yer də. Hər dəfə
respublika stadionuna gedəndə istər-istəməz 12-ci sektora baxıram.
“Mən
futbolçu olanda…” rubrikasının budəfəki qonağı Şakir Qəribov həmin
oyunun iştirakçılarından idi. Şakir müəllimə ilk sualım da “Neftçi” –
“Dinamo” oyunu ilə bağlı oldu – “Xatırlayırsız”? Gözlədiyimin əksinə
olaraq, həmin oyun təfsilatları ilə Şakir müəllimin yadındaymış. Oyundan
əvvəl baş verənlər, qolların necə vurulması, qarşılaşmadan sonra
əsəbləşdiyi an… Bir sözlə, hər şey.
Əvvəlcə qonağım haqında məlumat verim. Şakir Dadaş oğlu Qəribov
1956-cı il yanvarın 15-də Sabirabadda anadan olub. Futbolla doğulduğu
rayonda məşğul olmağa başlayıb. 1973-cü ildə ustalardan ibarət “Neftçi”
komandasında baxışda olub. “Neftçi”nin əvəzedicilərinə qəbul edilsə də,
müəyyən səbəblərdən Gəncənin “Dinamo” komandasına göndərilib. 1974-75-ci
illərdə “Dinamo”nun, 1975-76-cı illərdə isə hərbi xidmətlə əlaqədar
OİK-də çıxış edib. 1977-ci ildə hərbi xidməti başa vurmamış “Neftçi”yə
geri qaytarılıb. İlk oyununu əvəzedici komandanın heyətində Moskvanın
“Dinamo” komandasına qarşı keçirib. 1978-ci ildə əsas heyətə dəvət alıb.
1978-1984 və 1986-1988-ci illər aralığında “Neftçi”nin şərəfini
qoruyub. 1985-1987-ci illərdə isə “Dinamo”da (Gəncə) oynayıb.
Karyerasına 1989-cu ildə Gəncə komandasında son qoyub. SSRİ
çempionatları tarixində yüksək dəstədə 200-dən çox oyun keçirib, 6 qol
vurub.
Məşqçi kimi ilk iş yeri Sabirabadın “İnşaatçı” komandası olub.
1995-99-cu illərdə mini-futbol üzrə “Avtomobilçi” komandasını
çalışdırıb, 2 dəfə respublika çempionu olub, 2 dəfə isə kuboku qazanıb.
1999-cu ildə Vaqif Sadıqovun təklifi ilə böyük futbola qayıdıb və uzun
müddət müxtəlif yaşlı milli komandalarla yanaşı, əsas millinin də
uğurları üçün çalışıb. Şakir Qəribov vaxtilə yığmanın baş məşqçiləri
olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib,
olmipiya yığmamıza və aşağı yaş qruplarından ibarət komandalara
rəhbərlik edib. 2009-cu ildə “Neftçi”də, 2011-2013-cü illər aralığında
AZAL-da Vaqif müəllimin köməkçisi olub. Hazırda işsizdir.
“Elə oyunu yaddan çıxarmaq olar?”
İndi isə 17 il əvvəlki oyun haqda. Bir qədər əvvələ gedim. Hələ
1984-ci ildə bəzi səbəblərə görə Şakir müəllim “Neftçi”dən
uzaqlaşdırılmışdı. Bundan incik düşən Qəribov hətta futbolu atmaq
istəyirmiş. Lakin Gəncənin “Dinamo” komandasından təklif gələndən sonra
fikrindən daşınıb. Bu haqda bir qədər sonra ətraflı məlumat verəcəm.
Üstündən 2 il keçəndən sonra Qəribov “Dinamo”da göstərdiyi oyuna görə
xahiş-minnətlə yenidən “Neftçi”yə qaytarılır. Həmin ərəfədə Aleksandr
Sevidov komandanın baş məşqçisi təyin edilir. Saşa dayı “Neftçi”yə
gələndə özü ilə 2 müdafiəçi – Vladimir Pivtsov və adını unutduğum
Kostinini gətirmişdi. Əsas heyətdə onları oynadaraq, Qəribovu əvəzedici
komandaya göndərmişdi. Özünün dediyinə görə, nə Pivtsov, nə də
Kostininin Qəribovun sol ayağının bildiyi qədər də futboldan başları
çıxmırdı. Aleksandr Sevidovun köməkçisi oğlu Yuri, komandanın 3-cü
məşqçisi isə hamımızın yaxşı tanıdığı Ağasəlim Mircavadov idi. Məhz
Mircavadovun Şakir müəllimə mənəvi dayaq olması onu həvəsdən salmamışdı.
“Dinamo” ilə oyundan əvvəl “Neftçi”nin zəif nəticə göstərməsinə görə
Sevidovlar komandadan göndərilmiş, ata Sevidovun yerinə Ağasəlim müəllim
baş məşqçi təyin olunmuşdu. Mircavadov ilk oyunundaca Sevidovun
gətirdiyi futbolçuları ehtiyata göndərib müdafiənin sol cinahını
Qəribova tapşırmışdı. Çoxdandı oynamayan Qəribovu əsas heyətdə, özü də
“Dinamo” kimi güclü bir rəqibə qarşı meydana buraxmaq risk idi. Amma
Şakir müəllim baş məşqçinin seçiminin doğru olduğunu nəinki oyunu, hətta
vurduğu qol ilə də sübut etdi: “Həmin oyun hamı yaxşı oynadı.
Bir-birimizə həsəd aparırdıq. Birinci hissədə günc zərbəsindən sonra
Maşallah başla topu qapıdan keçirdi. İkinci hissənin ortalarında sol
ayağımla uzaqdan qapıya zərbə vurdum. Mənim adıma olduğuna görə demirəm,
həqiqətən gözəl qol alınmışdı. Top dirəyə dəyib qapıdan keçdi. Qapıda
isə Qabeliya kimi usta var idi. Nazimin də qolu baxımlı olmuşdu.
Müdafiəçini qabaqlayaraq cinahdan ötürülən topa birinci toxunmuşdu. Amma
oyundan sonra…”.
Oyundan sonra baş verənləri özüm nəql edəcəm. Deməli, qarşılaşmanın
ertəsi günü qəzetlərə baxan Şakir müəllim vurduğu qolun Nazim müəllimin,
Süleymanovun qolunun isə onun adına yazıldığını görür və bərk
əsəbləşir. Belə də səhv olar, bəyəm camaat bilmir ki, ikinci qolu kim
vurdu, üçüncünü kim? Sonradan “yerdəyişmə”nin səhv yox, bilərəkdən belə
yazıldığı məlum olur. Məsələ burasındadır ki, həmin vaxt “Neftçi”dən
Yunis Hüseynovla Nazim Süleymanov SSRİ yığmasına namizədlər arasında
idilər. Onları hər vəchlə irəli çəkmək lazım idi. Şakir müəllimin qolu o
qədər gözəl alınmışdı ki, rəhbərlik bu qolu Nazim müəllimin adına
yazdırmışdı. O vaxtlar mərkəzi televiziyada “Futbolnoye obozreniye”
(Futbol icmalı) adlı həftəlik veriliş efirə gedirdi və ayda bir dəfə
vurulan qollardan 3 ən baxımlısı seçilirdi. Qəribovun Süleymanovun adına
yazılan qolu 2-ci yeri tutur: “Həm Yunis, həm də Nazimin xətrini çox
istəyirəm. O vaxt 30 yaşım var idi, irəli getmək üçün gənclərə dəstək
olmaq lazım idi. Qolumun Nazimi adına yazılması onun işinə yaraya
bilərdi. Haradan biləydim ki, rəhbərlik belə bir plan qurub. Onlara
bildirdim ki, bunu vaxtında deyin, mən də səsimi çıxarmayım. “Dinamo”
həmin vaxt çox güclü komanda idi. Gürcülərə oyunla qalib gəldik. Həmin
oyundan sonra məni məşqçilər şurasına daxil etdilər. İndi özünüz deyin,
elə oyunu heç yaddan çıxarmaq olar?”.
Bir müddət sonra Sevidov etdiyi haqsızlığa görə Qəribovdan üzr
istəyib. Rəhmətlik sıradan məşqçilərdən olmayıb ha. Kiyev və Moskva
“Dinamo”ları ilə SSRİ çempionu olmuş, 2 dəfə SSRİ kubokuna sahib
çıxmışdı. Bundan başqa xeyli nailiyyətləri də vardı. Hələ 1968-ci ildə
SSRİ-nin əməkdar məşqçisi adına layiq görülən məşqçi 1992-ci il aprelin
15-də xərçəngdən vəfat edib. Nə isə, “Neftçi”nin Moskva “Dinamo”su ilə
oyunundan sonra Şakir müəllimə yaxınlaşan məşqçi onun əsl peşəkar
olduğunu söyləyib: “Sənə qarşı bu qədər haqsızlıq elədim, amma həvəsdən
düşmədin, sınmadın. Oyununla güclü olduğunu, mənim səhv etdiyimi sübut
elədin. Ona görə də sənin əlini sıxmağa gəlmişəm”.
“Ay ana, bu kişi kimdi, bizə gəlib?”
Qəribovlar ailəsində 8 uşaq böyüyüb – 6 qardaş, 2 bacı. Dadaş dayı
Böyük Vətən müharibəsində iştirak edib. Müharibəyə gedəndə 2 oğul atası
olan veteranın 3-cü uşağı da dünyaya gəlməli imiş. Hitler imkan verməyib
ki, 3-cü oğlunun üzünü görsün. Davadan qayıdanda isə… Şakir müəllim o
dövrlə bağlı maraqlı bir əhvalat danışdı:
“Ailənin 7-ci uşağı olmuşam. Atam müharibədən 1946-cı ildə
qayıtmışdı. 3-cü qardaşım atamın üzünü görməmişdi. O, müharibəyə
gedəndən az sonra dünyaya gəlmişdi. Atam əsgər getdiyinə görə qardaşımın
adını Əsgər qoymuşdular. Atam müharibədən qayıdanda Əsgər anamdan
soruşmuşdu: ” Ay ana, bu kişi kimdi, bizə gəlib?” (gülür). Anam da
qayıdıb ki, a bala, atandı da, müharibəyə getmişdi, indi qayıdıb. O
vaxtlar ailədə çox uşağın olması ənənə idi. Uşağı çox olan ailəyə varlı
ailə kimi baxırdılar. Soruşa bilərsiz, bu boyda uşağı atam neçə
dolandırıb? Müharibədən sonra atam bir müddət nöyüt satıb. Sonradan
çayxana işlətməyə başlayıb. Atam samovarı ilə o boyda külfəti
saxlayırdı. Düzdür, elə də təmtəraqlı yaşayışımız yox idi, kasıbçılıq
idi. Amma əsas mehribançılığın olmasıydı”.
Dadaş dayı 1978-ci ilin mayında dünyasını dəyişib. Şakir müəllimin
“Neftçi”yə düşdüyü il. Ən böyük arzusu da Banişevskinin evində qonaq
olması idi. Doğrudur, sağlığında Banişevskini görmək ona qismət olmayıb.
Dünyasını dəyişəndən sonra isə Şakir müəllimin sayəsində Anatoli
Andreyeviç 2 dəfə Dadaş dayının qapısına qonaq gəlib. Üstündən 3 il
keçəndən sonra isə Şakir müəllimin anası Reyhan xala rəhmətə gedib.
Allah hər ikisinə rəhmət eləsin!
“Neftçi”yə yol çayxanadan keçirmiş
Özünü tanıyandan evlərinin yanındakı bağda top qovan həmsöhbətim
futbolla yanaşı, voleybol və stolüstü tennislə də məşğul olub. Yeri
gəlmişkən, Şakir müəllim stolüstü tennis üzrə ustalığa namizəddir.
İdmana olan sevgisi dərslərə marağı azaldıb. Maraqlıdır ki, Şakir
müəllim məktəbə 1961-ci ildə – 5 yaşında gedib. 5-ci sinifə kimi yaxşı
oxuyub. Gəl ki, 6-cı sinifdən etibarən təhsili futbola qurban verib. Bu
səbəbdən də 9-cu sinifdə 2 il oxuyub. Mikayıl Müşfiq adına məktəbdə
riyaziyyatı tədris edən İbrahim müəllim 3 rüb ardıcıl qeyri-kafi qiymət
aldığına və dərslərdən yayındığına görə şagirdini sinifdə saxlayıb.
Balaca Şakirin uşaqlığı o qədər də maraqlı keçməyib. Boş vaxtlarını
futbol oynamaqla yanaşı, Dadaş dayının çayxanasında keçirir, atasına
kömək edirmiş. Odun daşımaqdan, stəkanları yumaqdan çay paylamağa kimi
hər bir işlə məşğul olurmuş.
Şakir müəllimin “Neftçi”yə necə düşməsindən danışım. SSRİ dönəmində
hər bir rayonda idman məktəbi fəaliyyət göstərirdi və həmin məktəblərin
təşkilatçılığı ilə gənc futbolçular müxtəlif rayonlara yarışlara
aparılırdılar. Həmin yarışlarlarda özlərini göstərə bilən uşaqlar
haqqında məlumatları Bakıya – İdman Komitəsinə oyunları izləyən
məşqçilərlə yanaşı, hakimlər də ötürürdülər. Bir növ seleksiyaçı-məşqçi
idilər. Sabirabadlı uşaqlardan Şakir Qəribovla Ruslan Həbibovu gözaltı
edən həmin seleksiyaçılar Göygöldəki oyundan sonra hər iki futbolçunu
hər il Bakıda keçirilən perspektivli futbolçuların turnirinə dəvət
edirlər. Baş məşqçi Eldar Dərgahov üçün bundan gözəl hədiyyə ola
bilməzdi. Həmin turnirin məqsədi respublikanın müxtəlif rayonlarından
çağırılmış futbolçular arasında seçim etməklə istedadlı futbolçuları üzə
çıxarıb onları ustalardan ibarət komandalara göndərmək idi. “Spartak”
stadionunda bakılılardan ibarət “Bakı-1” və rayon uşaqlarının təşkil
etdiyi “Bakı-2” komandası arasında keçirilən oyundan sonra həm Qəribov,
həm də Həbibov məşqçilər tərəfindən bəyənilirlər və onlara yenidən dəvət
göndəriləcəyi bildirilir. Bu hadisə 1973-cü il oktyabrın sonlarında baş
verib. Sabirabada qayıdan həmsöhbətim məşqlərini davam etdirməklə
yanaşı, boş vaxtlarında çayxanada atasına gömək edir. Şad xəbər də ona
çayxanada iş başında olarkən çatdırılır:
“Çayxanamız evimizin yanındakı avtobazanın həyətində idi. Həmişə
olduğu kimi, atama gömək edirdim. Bir poçtalyonumuz var idi, İbrahim.
Bir də gördük ki, qaça-qaça böyük qardaşım Bəhramə yaxınlaşıb muştuluq
istəyir. “Bəhram, muştuluğumu ver, sənə şad xəbərim var”. Bir “üçlük”
alandan sonra teleqramı göstərərək mənim “Neftçi”yə çağırıldığımı
söylədi. Guya, qardaşımın futbol çox vecinə idi. Sonradan yoldaşlar onu
məzəmmət elədilər ki, “heç bilirsən nə baş verir? Qardaşın “Neftçi” kimi
komandada oynayacaq. Gərək poçtalyona bir qoyun kəsərdin…”.
Uşaqlıqdan “Neftçi”nin futbolçularının şəkillərini cibində gəzdirən
gənc üçün bu, əsl sürpriz idi. Sevincindən bütün gecəni gözünə yuxu
getməyən Şakir müəllim indiyə kimi özü üçün əlçatmaz hesab etdiyi
futbolçularla bir yerdə məşq edəcək, onlarla ünsiyyətdə olacaqdı.
Futbolçunun transfer qiyməti – bir neçə qoyun
1973-cü il dekabrın 1-də Bakıya gələn Qəribov bir həftəlik baxışdan
sonra Həbibovla birlikdə “Neftçi”nin əvəzedici komandasına qəbul edilir
və 1974-cü il yanvarın 1-də Bakıya köçür. Fevralda “Neftçi”nin
Gürcüstandakı təlim-məşq toplanışından sonra Qəribovla bildirirlər ki,
komandaya qəbul olunurlar. Komandanın baş məşqçisi Xlıstov, köməkçiləri
isə Trofimovla Qryazev idi. Hər üçü həm Şakir müəllimin, həm də Ruslan
Həbibovun oyunlarını bəyənmişdi. Sonradan hər ikisinə ştatda yer
olmadığına görə bir müddət pulsuz oynayacaqları deyilir. Bakı kimi böyük
şəhərdə pulsuz qalmağın çətinliyini anladıqlarından, təklifdən imtina
edirlər və Gəncənin “Dinamo”suna göndərilirlər. Martdan etibarən
rəhmətlik Vaqif Abbasovun rəhbərliyi altında SSRİ çempionatının 2-ci
dəstəsində çıxış edən “Dinamo”da oynayırlar. “Dinamo”da Zahid Hüseynov,
Nadir Abbasov, Vahid Abbasov, Yusif Məhərrəmov, Müzəffər Qasımov və
digər təcrübəli futbolçularla bir yerdə olması Şakir müəllimin bir
futbolçu kimi yetişməsində əvəzsiz roy oynayır. Yeri gəlmişkən, onunla
birgə “Dinamo”ya gələn Ruslan Həbibov sonradan futbolu atır. Buna da
səbəb onun imkanlı ailənin övladı olması idi. Valideynləri Həbibovun
futbolçu kimi yetişməsinə imkan vermirlər. 2 il Gəncə həyatından sonra
Şakir müəllimin əsgərlik yaşı çatır. Əslində, keçir də. 1975-ci ilin
sonlarında hərbi xidmətə çağırılır və 21 yaşlı Qəribov Vaqif Abbasovun
sayəsində OİK-ə qəbul edilir. “Karantin” keçmək üçün Rostova, ordan da
Krım bölgəsinə göndərilən həmsöhbətim təxminən 1 aydan sonra Bakıya
çağırılır və OİK-də çıxış etməyə başlayır. O vaxtlar SSRİ birinciliyi
yaz-payız sistemi ilə keçirilirdi. Yanvarda toplaşan “Neftçi” təlim-məşq
toplanışına gedənə kimi həftədə 1 dəfə OİK-lə yoldaşlıq görüşü
keçirirdi. “Neftçi”nin baş məşqçisi Bondarenko Şakir Qəribovun oyununu
görəndən sonra onu komandasına dəvət edir. Amma pasportun hərbi hissədə
olması işləri dalana dirəyir. Buna baxmayaraq, 1977-ci ildə birtəhər
“Neftçi”nin əvəzedici komandasına qoşulan əsgərə hərbi xidməti başa
vurduqdan sonra əsas komandaya götürüləcəyi bildirilir. Bu minvalla
1977-ci ilin axırına kimi 2 illik hərbi xidməti başa vuran Qəribov axır
ki, arzusuna çıtar.
Hərbi hissəyə demobilizasiya olmağa yollanan Şakir müəllimin orda başına maraqlı hadisə gəlir. Özü nəql eləsə daha yaxşı olar:
“İlyarım idi hərbi hissəyə getmirdim. Ora yollananda Sabirabaddan
hərbi hissə komandiri üçün pay-püş aparmışdım. Nar, duzlu balıq,
mer-meyvə… Ruslar belə şeyləri xoşlayırlar. Sovqatı qəbul edəndən
sonra məni əllərinin içində saxlayırdılar. Mən Bakıda olduğum müddətdə
hərbi hissənin yerləşdiyi rayonun “Rodina” kolxozunun direktoru hərbi
hissə komandirinə deyib ki, bəs, yaxınlarda kolxozlar arasında yarış
keçiriləcək. Eşitmişik ki, sizdə yaxşı bir futbolçu var. Onu bizə verə
bilərsizmi? Komandir də əvəzində direktorun qarşısına şərt qoyub – 1-ci
yeri tutsaz, hərbi hissəyə bir neçə qoyun bağışlayacaqsız. Razılaşıblar.
Mənə dedilər ki, həmin yarışda oynamalısan. Neynəyə bilərdim? Çar-naçar
razılaşdım. 3 oyun udub çıxdıq finala. Axrıncı oyunda hiss edirdim ki,
qəsdən ayağıma “oynayırlar”. Birtəhər yola verdim. 1-ci yeri tutub
qoyunları aldıq. Finaldan sonra bir nəfər mənə yaxınlaşdı və Krasnodarın
“Kuban” komandasında oynamağı təklif etdi. İndiki ağlım olsaydı,
təklifi qəbul edərdim. Çünki respublikadan kənarda oynayanların
hörmətləri daha çox olurdu, nəinki “Neftçi”də. Amma gənc idim deyə,
dərindən düşünmədim. Həm də Bondarenko məni gözləyirdi. Kişiyə
qayıdacağımla bağlı söz vermişdim”.
“Əbdülqəni, nə olar, “paraşüt” at da”
– 1978-ci il yanvarın 1-də “Neftçi”nin əsas heyətində qəbul olundum.
Mənimlə eyni gündə “Dinamo”dakı məşqçim Vaqif Abbasov komandaya 2-ci
məşqçi kimi təsdiq olundu. Amma mənə ştatda nəzərdə tutulan 250 rubl
maaşı vermədilər. 180 rubl yazmışdılar. Vaqif müəllimə şikayətlənəndə
dedi ki, balam, sevinmirsən? Sevinmirsən ki, “Neftçi” kimi komandada
oynayırsan? Camaat burda pulsuz oynamağı arzulayır. Sən isə pul davası
eləyirsən. Özünü göstər, maaşını da artıracaqlar. Özümü göstərəcəyimə
əmin idim. O qədər gücüm var idi ki… İnanırsan, əlimi, ayağımı zərblə
dəmirə vursaydım, ağrımazdı. Doğrudan da, bir müddət sonra maaşımı
qaldırdılar.
– “Neftçi”nin heyətində ilk rəsmi oyununuz hansı komandaya qarşı olub?
–
Bakıda Voroşilovqradın “Zarya” komandasına qarşı. 2:1 qalib gəlmişdik.
Oyunum da pis alınmamışdı. Ondan sonra əsas heyət oyunçusu oldum.
– Həmin vaxt Qəribov hansı futbolçunu heyətdən sıxışdırıb çıxarmışdı?
–
Bizdə sağ cinahda rəhmətlik Rəşid Özbəyov, solda isə Rafiq Quliyev
oynayırdı. Bir ara Rəşid müəllim ya zədələnmişdi, ya da xəstələnmişdi.
Rafiqi onun yerinə məni isə Rafiqin mövqeyinə qoymuşdular. Özbəyov
qayıdandan sonra məni sağ cinaha keçirdilər, Rafiq Quliyevi isə
ehtiyatda saxladıdar. Hər ikisi əla futbolçular idi. Amma bir qədər
yaşlaşmışdılar. Mən isə gənc olmağımla yanaşı, fiziki cəhətdən onlardan
üstün idim. İndiki nəsil Roberto Karlosun cinahla keçidlərini yaxşı
xatırlayır. Karlosun 5-10 il əvvəl etdiyini mən o vaxtlar yerinə
yetirirdim. Düzdü, Rəşid də cinahlardan tez-tez keçidlər edirdi. Amma
məndə daha yaxşı alınırdı. Çünki rayon uşağı idim. Biz rayon uşaqları
fiziki cəhətdən çox güclü idik. Hesab edin ki, oyunda məni tapdalayanda
vecimə almırdım. Mən tapdaladığım futbolçu isə yerdə qalırdı, dura
bilmirdi (gülür).
– “Neftçi”də 6 qol vurmusuz. Az deyildi?
– İndiyə kimi heç bir müdafiəçi mənim qədər qol vurmayıb. 6 qol sizə az gəlməsin. 2 dəfə də kubok oyunlarında fərqlənmişəm.
– Bəlkə bir az dəqiqləşdirək. O vaxt “Neftçi”nin müdafiəçiləri kimlər idi? Götürək Əsgər Abdullayevi…
–
Özünü yorma, onsuz da məndən çox qol vuran müdafiəçi tapa
bilməyəcəksən. Əsgər cəmi 1 qol vurub. Vilnüsdə “Jalgris”lə oynayırdıq.
Oyun 1:1 hesabı ilə başa çatmışdı və qolu da Əsgər vurmuşdu. Amma çox
gözəl qol idi. İsgəndər Cavadov cərimə zərbəsindən “asma” etdi, Əsgər
isə “uçaraq” başla super qol vurdu. Yüz qola dəyərdi.
– Yaxşı, yormayacam. Bəs “Neftçi”nin heyətində neçə oyunda meydana çıxmısız?
– Ağsaqqal statistikimiz Abbas Əzimov 213 olduğunu deyir. Kubokla bir yerdə 240 civarında olar.
– İlk qolunuzu xatırlayırsız?
–
Əlbəttə. İlk qolumu Tiflisdə “Dinamo”ya vurmuşam. Tarixini də deyə
bilərəm – 1980-ci il sentyabrın 13-ü. Yaxşı yadımdadı, “Dinamo”ya bir
qapıçı gətirmişdilər, ilk oyununa çıxırdı. Uzaqdan topu “doqquzluğ”a
göndərdim. Həmin qoldan sonra qapıçını komandadan göndərdilər. 2:1
hesabı ilə qalib gəlmişdik. O biri qolu isə İsgəndər vurmuşdu.
– Şakir müəllim, evyıxanlığınız da varmış (gülürəm).
–
Günah özündə idi. İrəli çıxmayadı (gülür). Həmin oyundan sonra
Gürcüstanda yaşayan azərbaycanlılar bizi Bakıya qayıtmağa qoymadılar. O
vaxtlar Bolnisinin 3-cü katibi azərbaycanlı idi. Əl çəkmədi ki, bizim
komanda ilə oynamalısız. Səhərə kimi Tiflisdəki azərbaycanlılar yatmağa
imkan vermədilər. Ertəsi gün isə Bolnisinin komandası ilə yoldaşlıq
oyununa çıxdıq. Rayonda bizi təmtəraqla qarşıladılar. Bütün evlərin
darvazalarının üstündə “Dinamo” – “Neftçi” 1:2″ yazılmışdı. Təsəvvür
edin ki, avtobusdan paltardəyişmə otağına kimi ayağımız yerə dəymədi.
Camaat bizi əllərində aparırdı. Məni də həmçinin. Axı “Dinamo”ya ilk
qolu mən vurmuşdum.
– Həmin oyunun axırı necə oldu?
–
Necə olasıdı ki? 1:2 uduzduq. “Dinamo” ilə oyundan sonra halımız
qalmamışdı. Üstəlik, gecəni də yatmamışdıq. Həm də “Dinamo” ilə oyunda
olduğu kimi can qoymadıq. Əsas bizə qoyulan hörmət idi. Bakıya yola
salanda yol tədarükümüzüdən tutmuş, hər bir şey etmişdilər. Hətta
cibimizə pul da qoymuşdular.
– “Neftçi”də ən çox kimə ürək isindirirdiz?
–
Uşaqların hamısı ilə münasibətim yaşxı idi. Ən çox Əbdülqəni
Nurməmmədovla oturub-dururdum. Çünki xasiyyətlərimiz tuturdu. O da
mübarizəni, qalib gəlməyi, sona kimi vuruşmağı xoşlayırdı, mən də. Əsas
da sözünün yiyəsi idi. Neçə il onunla otaq yoldaşı olmuşam.
– Uşaqlıqda şəklini cibinizdə gəzdirdiyiniz Banişevski ilə ilk görüşünüz yadınızdadı?
–
Komandada həmişə özümdən böyüklərə hörmətlə yanaşmağa, kiçiklərə isə
həyan olmağa çalışmışam. Banişevskiyə gəlincə, o, mənə böyüklük eləyib,
yol göstərib. Onunla ilk görüşüm mənə yuxu kimi gəlirdi. Cəmi bir neçə
ay əvvələ kimi onun şəkliylə yatıb-dururdum. Təkcə onun yox, Tuayev,
Kramarenko və digərlərinin də şəkilləri həmişə üstümdə olurdu.
Kramarenkodan ötrü ölürdüm. Yaxşı qapıçı olmaqla yanaşı, o qədər
“simpatiçni” idi ki, əsl futbolçu “vid”i vardı. Həmin futbolçularla bir
yerdə oynayacağıma inanmırdım. Banişevski ilə uzun müddət bir yerdə
oynadım, bir dəfə də olsun onu “Tolik” deyə çağırmadım. Ölənə kimi də
ona Anatoli Andreyeviç deyə müraciət edirdim. Bir məqamı da qeyd etmək
istəyirəm. Bazaya təzə gələndə “Neftçi”nin futbolçularının məşqini
izlədim və özümə bir sual verdim – mənim bu futbolçulardan nəyim
əskikdi? Kənardan baxanda hər şey fərqli görünə bilər. Amma komandanın
içərisində olanda reallıq ortaya çıxır. 5-10 gündən sonra “Neftçi”nin
əsas heyətində oynaya biləcəyimə əmin idim. Sürətim var idi, topla yaxşı
rəftar edirdim, hər iki ayağım işlək idi, fiziki güc də öz yerində.
Deyəsən, özümü çox təriflədim (gülür).
– Kimə qarşı oynamaq çətin idi?
–
Əsasən sürətli hücumçulara qarşı. Kiyev “Dinamo”sundan Oleq Bloxin və
İqor Belanov, Tiflis “Dinamo”sundan Vladimir Qutsayev, “Şaxtyor”dan
Viktor Qraçov… İndi hamı Qaret Beylin sürətindən danışır. Beylin
keçidlərindən daha yaxşısını Bloxin eləyirdi. Bekkenbauer, Foqts kimi
müdafiəçilər onun qarşısında aciz qalırdılar. Elə götürək Mahallah
Əhmədovu. İndi onun kimi sürətli futbolçu var?
– Reynaldo pis qaçmır…
–
Reynaldo nə qaçır ki… Müdafiəçi tərpənənə kimi Maşallah ondan 2-3
metr aralanırdı. Maşallaha, İsgəndərə və digərlərinə heykəl qoymaq
lazımdı.
– O halda nəyə görə irəli gedə bilmədilər? Azı SSRİ yığmasına dəvət ala bilərdilər.
–
İstəyirsən inan, istəyirsən yox, “sapı özümüzdən olan baltalar” imkan
vermirdilər. Yoxsa nə Maşallah, nə də İsgəndər yığmada oynayanların heç
birindən zəif deyildilər. Çoxlarına onların SSRİ yığmasında oynaması
sərf eləmirdi. Necə olurdu ki, “Ararat”dan, Tiflis “Dinamo”sundan
yığmaya futbolçu çağırırdılar, “Neftçi”dən yox?
– Bəs, hansı futbolçu ilə bir yerdə oynamaq daha rahat olub? Özümüzünküləri nəzərdə tuturam.
–
Bir neçəsinin adını çəkə bilərəm. Əli Rəhmanov, Əbdülqəni Nurməmmədov,
Asəf Namazov, Səməd Qurbanov… Əsas da Əbdülqəni ilə yaxşı anlaşırdıq.
Sağ cinahda top onda olanda dərhal sol cinahdan sürət yığırdım. Çünki
bilirdim topu zonama göndərəcək. Amma topu həmişə fırladırdı, yerə
dəyəndə saxlamaq çətin olurdu. Həmişə də deyirdim ki, Əbdülqəni, nə
olar, “paraşüt” at da, səndən nə gedir? Xeyri yox idi. Yenə də bildiyini
edirdi. “Neftçi”nin ovaxtkı futbolçularının demək olar ki, hamısı əsl
usta idilər. Elələri ilə oynamağa nə var k? İndiki futbolçulara baxıram,
ortada topu alanda 2-3 toxunuş eləməsələr, ötürmə vermirlər. O vaxtın
futbolçuları top onlara gəlməmiş nə edəcəklərini, kimə ötürəcəklərini
bilirdilər.
– “Sümükqıran” deyildiz?
– Yox,
texnikalı futboçu olmuşam. “Kostolom” Rəşid Özbəyov, Əsgər Abdullayev,
Mustafa Bilalov idi. Karyeram ərzində 1 dəfə də olsun meydandan
qovulmamışam. Doğrudu, bir dəfə qırmızı vərəqə göstəriblər.
Amma
oyundan sonra. Matçın komissarı vidoeyazıya baxandan sonra belə bir
qərar qəbul etmişdi. Həmin epizodda kobudluqdan söhbət gedə bilməzdi.
Sadəcə, rəqibi əlimlə itələmişdim. Qəsdən ayağa zərbə vurmaq, hakim
görməyəndə futbolçunu zədələmək… Belə şeylər məndən uzaq olub.
–
Veteran futbolçularla söhbətimdə həmişə “Neftçi”nin “Ararat”la oyunları
haqda fikirlərini öyrənmişəm. Bəlkə bir az da bundan danışaq?
–
Ermənilərlə oyun həmişə çətin olurdu. Həm İrəvanda, həm də Bakıda.
Tiflis “Dinamo”su “Ararat”dan güclü komanda idi. Amma gürcülərlə oyuna
rahat çıxırdıq. İrəvandakı “Razdan” stadionu 70 min azarkeş tutumuna
malik idi. Dağı yarıb stadion düzəltmişdilər. Bizimlə oyunda ağzınacan
dolurdu. Çox maraqlıdı, orda həmişə yaxşı oynayırdıq, amma qalib gələ
bilmirdik. Bir dəfə İrəvanda böyük hesabla məğlub olduq – 1:6.
İnanırsız, bəlkə də 20 dəfə real qol şansından istifadə edə bilmədik.
Təkbətək çıxdıq, vura bilmədik, boş qapıya düşə bilmədik, penaltidən
istifadə edə bilmədik. Görün vəziyyyət nə həddə çatmışdı ki, həmişə
penaltini yerinə yetirən İqor Ponomaryov sinəsini kənara çəkdi. Yazıq
neynəsin, görürdü ki, top qapıdan keçmir. Asim Xudiyev gəldi ki, mən
vuracam. Vurdu, amma qol olmadı. Bəxtləri gətirirdi. Futboldu da. Hər
dəfə güclü qalib gəlmir ki. Bakıdakı oyunlarda isə bizim üstünlüyümüz
var idi. Cəmi 1 dəfə ermənilər Bakıda bizi udublar. Baxmayaraq ki,
“Ararat” SSRİ çempionu olub, heç vaxt “Neftçi”dən güclü oyun
göstərməyib.
Bir məqama toxunmaq istəyirəm. SSRİ dövründə ilk
“10-luğ”a düşmək olduqca çətin idi. 5 Moskva klubu ilə yanaşı, Ukrayna,
Pribaltika, Gürcüstanın güclü kollektivləriylə yarışmalı idik. O vaxtlar
Əhməd Ələsgərov bizə deyirdi ki, siz bircə dəfə ilk “onluğ”a düşün,
adınız Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazılacaq. İndi
yetirmələrimə həmin vaxt haqqında danışanda “Neftçi”nin Avropa
çempionatından güclü bir turnirdə mübarizə apardığını söyləyirəm.
Doğrudan da, belə idi. Bu gün çox adam deyir ki, futbol dəyişib, bizim
vaxtımızda ləng futbol oynayırdılar, indi isə futbol daha sürətli və
baxımlıdı. Boş sözlərdi. O vaxt futbol indikindən qat-qat maraqlı idi.
Doğrudu, xeyli fərq var. Amma “müasir” deyə-deyə, futbolu pis günə
qoyublar.
“Sözün düzünü dediyimə görə işsizəm”
Bayaq da qeyd etdiyim kimi, Şakir Qəribovu 1984-ci ildə bəzi
insanların istəyi ilə “Neftçi”dən uzaqlaşdırmışdılar. Həmin insanların
xahişiylə 1986-cı ildə komandaya qayıdan müdafiəçi heç 2 il keçməmiş
yenidən haqsızlıqla üzləşir. Səbəbini indiyə kimi də bilmir. 32 yaşı
olmasına baxmayaraq formadan düşməyən Şakir müəllim Banişevskinin bir
kəlmə sözünə görə yenidən Gəncə “Dinamo”suna qayıdır. Həmin vaxt Gəncə
komandasının baş məşqçisi məhz Anatoli Andreyeviç idi. Bir il 2-ci
dəstədə Gəncə komandasına kömək edən təcrübəli müdafiəçi mövsüm başa
çatdıqdan sonra karyerasını bitirir. Uzun müddət “Neftçi”nin şərəfini
qorumuş Şakir müəllimə heç vida matçı da təşkil etmirlər. 15 illik
karyerası ərzində qazandığı ev, avtomobil və mebel olur. Bir də ki,
şan-şöhrət. Bundan sonra doğma Sabirabada qayıdan Qəribov yerli
“İnşaatçı”da oynayan-məşqçi kimi fəaliyyət göstərməyə başlayır. Ağasəlim
Mircavadov və mərhum Ruslan Abdullayev kimi mütəxəssislərdən
məsləhətlər alan gənc məşqçinin komandası 1989-cu ildə Azərbaycan
çempionu olur.
Şakir müəllim 1982-ci ildə ailə həyatı qurub. Futbolçu olanda özünə
söz verib ki, karyerasını bitirəndən sonra evlənəcək. O vaxt yaşlı
futbolçular gənclərə evlilərin ailə qayğılarının artdığını, problemlərin
çoxaldığını əsas gətirərək gec evlənməyi məsləhət görürdülər. Axı ailə
həyatı karyeralarına pis təsir göstərə bilərdi. Həm də evlənmək üçün
gərək babat şəraitin olardı. Amma sevgi imkan verməyib. 27 yaşında
sevib-sevilən Şakir müəllim 1983-cü ildə, 27 yaşında ailə həyatı qurub.
Bir qızı var.
Söhbətin əvvəlində müsahibimlə futbolumuzun bu günü
haqqında müzakirə aparmayacağımızı razılaşdırmışdım. Çünki bu haqda
söhbət saatlarla vaxt apara bilərdi. Amma vədimə naxələf çıxdım. Bir
vaxtlar yığma komandalarda işləmiş Şakir müəllimdən niyə bekar
qalmasının səbəblərini soruşdum. Demə, kişinin dərdi böyükmüş. Hər halda
dediklərini hamısını olmasa da, kiçik bir hissəsini təqdim edirəm:
“Elə insanam ki, arxada danışmağı xoşlamıram. Nə sözüm var, üzə
deyirəm. Bizim futbolda sözün düzünü üzə deyənləri xoşlamırlar. Ona görə
işsizəm. Mənim yetirmələrim indi yığmada oynayırlar – Nizami Hacıyev,
Rauf Əliyev, Tural Nərimanov, Maksim Medvedyev, Rahid Əmirquliyev… Bu
uşaqları ilk dəfə yığmaya mən gətirmişəm. Onlar soruşmalıdılar ki, bizim
müəllimimiz niyə işsizdi. Adını çəkməyəcəm, bir müddət əvvəl
telekanalların birində qonaq olan yığmanın futbolçularından birindən
kimin yetirməsi olduğunu soruşublar. Mənim adımı deməyib. Verilişdən
sonra ona bildirəndə ki, utanmırsan, axı səni futbolçu eləyən Şakir
Qəribovdu, niyə bir dəfə onun adını çəkmirsən, heç nə deməyib, başını
aşağı salıb. Mənimlə yanaşı bir çox mütəxəssislərimizin işsiz qalmasının
səbəbkarları bu gün futbolda işləyənlərdi. Bizim məşqçilər gəlmələrin
heç birindən zəif, təcrübəsiz deyillər. Hətta deyərdim ki, çoxlarından
güclüdülər. Neçə il aşağı yaşlı yığmalara rəhbərlik eləmişəm. Mənim
vaxtında 17, həmçinin 19 yaşlılar ilk dəfə mərhələ adladılar. Buna görə
hansı hörməti qoydular? Sözün düzünü dediyimə görə işsizəm”.
İlqar Tağıyev, “Het-trik news” qəzeti