Bakıda “RM” İdman Klubunun yeni təlim-məşq bazasının açılış mərasimi keçirildi.
İdmanxeber.az xəbər verir ki, tədbirdə Azərbaycanın Kikboksinq, Muaytay, Kunqfu, Ciu-citsu, Şaolin federasiyalarının rəhbərliyi, İkinci Qarabağ müharibəsi qaziləri və idman ictimiayyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanda idmançılara göstərilən qayğı və yaradılan şəraitdən danışıblar. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülən işlərdən söhbət açaraq deyib ki, kikboksinq ölkəmizdə kütləvilik baxımından ön sıralarda dayanan idman növlərindən biridir.
“RM” İdman Klubunun vitse prezidenti Ramil Səfərov çıxış edərək deyib ki, klub müasir avadanlıqlarla təchiz olunub, burada gənclərin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti və idmançılarımızın qazandıqları nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu idman dövlətlərindən biri kimi qəbul olunur. Dövlət tərəfindən hərtərəfli qayğı göstərilən idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, onlar ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar.
“RM” İdman Klubunun məşqçisi, dünya və Avropa çempionu Tural Cavadov çıxış edərək klubun fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, yeniyetmə və gənclər arasında kikboksinq idman növünün təbliği, həmçinin bu idman növünə olan marağın daha da artırılması və inkişaf etdirilməsi məqsədilə yaradılan klubun 100-dən çox üzvü var. Yeni dizayn olunmuş zalda müxtəlif turnirlər, yarışların keçirilməsi planlaşdırılır. Bununla yanaşı peşəkar məşqçilər kikboksinq, kunqfu sanda, muaytay, MMA, Braziliya cuicutsi, taekvondo, boks, yoqa, kiokşin və karate növlərindən dərslər keçəcək. İdmançıların istənilən yarışlara hazırlığı üçün ən optimal şəraitin qurulduğu klubda atletlər daha effektiv bərpa prosesi də keçə biləcək. Onlar məkanın digər imkanlarından yararlanaraq məşqlərdə daha effektiv nəticə qazanacaqlar.