06 Oktyabr 2024
Kateqoriyasız

“RM” İdman Klubunun açılış mərasimi keçirildi – FOTOLAR

Müşfiqabad qəsəbəsində yerləşən “RM” İdman Klubunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, yeniyetmə və gənclər arasında kikboksinq idman növünün təbliği, həmçinin bu idman növünə olan marağın daha da artırılması və  inkişaf etdirilməsi məqsədilə yaradılan klubun 100-dən çox üzvü var.

Klub müasir avadanlıqlarla təchiz olunub, burada gənclərin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb.

“RM” İdman Klubunun vitse-prezidenti Ramil Səfərov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

R.Səfərov onu da əlavə edib ki, 44 günlük Vətən Müharibəsindəki Zəfərdə idmançılarımızın da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.

“RM” İdman Klubunun məşqçisi, dünya və Avropa çempionuTural Cavadov çıxış edərək klubun fəaliyyəti haqqında geniş məlumat verib və özünün idmanda əldə etdiyi təcrübəsini gənclərlə bölüşüb. O, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıb.

Sonra bildirilib ki, yeniyetmə və gənclərin digər idman növlərindən yararlanması, asudə vaxtlarının səmərəli keçirməklə pis vərdişlərdən uzaq olması üçün klubun gələcəkdə fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, “RM” İdman Klubunun yaxın günlərdə fəaliyyətə başlayacaq Azadlıq filialında kikboksinq, Kunqfu Sanda, Muaytay, MMA, Braziliya Juijutsi, taekvondo, boks, yoqa, kiokşin karate, trenajor zalında isə bodybuilding, fitnes ( xanımlar və kişilər) və s. idman növləri fəaliyyət göstərəcək.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43