“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində PSV-2-yə (Hollandiya) qarşı keçirdikləri yoxlama matçı (0:0) haqda fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, klubun saytına danışan ukraynalı mütəxəssis “Qəbələ”nin oyunu haqda danışmağın hələ tez olduğunu bildirib:
“Hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışır. Oyunumuz haqda yalnız fevralın 1-i – “Bakı” ilə qarşılaşmadan sonra danışa bilərik. İndi həmin matça hazırlıq dövrünü keçirik”.
R.Qriqorçuk yeni transferlər haqda da danışıb: “Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verəcəklərinə şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə daha çox çalışmalıdırlar”.