“Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt” oyunu (1:0) sonrası deyib. O, daha sonra davam edib:
“Real yanaşaq. Hansısa komanda bizdən aşağı pillədədirsə, o demək deyil ki, biz onlara 4-5 qol vurmalıyıq. Özümüzdən güclü rəqibə qalib gəlmişik, özümüzdən zəifə də uduzmuşuq. Statistikaya görə deyirəm. “Sumqayıt”ın turnir cədvəlindəki yeri aşağı pillədə olsa da, onların özünəməxsus oyun üslubu var. Ən intizamlı müdafiə olunan oyunlarından biri idi. Çox bəyəndim. Kəsərli əks-hücumları var idi. Futbolda belə termin yoxdur ki, zəif komandaya mütləq 4-5 qol vurmalıyıq. Heç kimə zəif gözü ilə baxmırıq. Bu həmin “Sumqayıt”dır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Onların ötən mövsüm də uğursuz seriyası var idi, ancaq onlar bizə burada qalib gəldi. Özü də biz əsas heyətlə oynayırdıq. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda digərinə qalib gələ bilər. Vacib olan futbolçuların meydandakı düşüncəsi, intizamlı oyunu, dinamikasıdır. Belə olduqda, uduzsaq da, bəzən məyus olmuruq. Elə oyunlar var ki, istəksiz, dinamikasız uduruq, ya uduzuruq. Bu da məni narahat edir. Bu gün qalib gəlməsəydik də, futbolçulardan razılıq bildirəcəkdim. Çünki neçə oyundur ki, xeyli rotasiyalar edirik. Qarşımzıda çox yaxşı məşqçi, çox yaxşı kollektiv var idi”.
Təcrübəli mütəxəssis qarşıdakı avrokubok oyunlarından da söz açıb:
“Malmö” və “Tottenhem” məğlubiyyətləri meydandakı oyunumuza görə olsa, narahatçılıq verə bilər. Amma oyunu götürsək, məğlub olacağımız oyunlar deyildi. Bizə çox ciddi yanaşırlar. Əvvəllər bizə bəlkə bir o qədər ciddi yanaşmırdılar. İnanın ki, Avropada rəqiblər bizimlə oyunda hətta öz oyun üslubundan çıxırlar. Bizə qarşı tam başqa oyun üslubu qururlar. Bizimlə oyunda ya beşli müdafiə oynayırlar, ya da birəbir. Bu bir tərəfdən bizi sevindirir. Demək ki, bizə böyük dəyər verirlər. Bu cür hallara hazır olmalıyıq. Ruhdan düşmədən, rəqibdən asılı olmayaraq, yaxşı nəticə üçün hazırlaşacağıq”.