20 Sentyabr 2024
Ölkə futbolu

“Səbail”in Premyer Liqada qalmasında böyük rolum olub, mənə bir şans da verilməlidir”

“İrəvan”dan ayrılmışam. Bu klubdan alacağım var, bununla bağlı AFFA-ya şikayət ünvanladım. Yəqin ki, məsələ ilə bağlı qərar veriləcək. Özüm komandada qalmaq istəmədim. Mənə vəd etdikləri maaşı ödəmədilər. Ayda 3500 manata razılaşmışdıq, amma 1 manat da almamışam”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan 1 Liqasında çıxış edən “İrəvan” klubunun sabiq futbolçusu Ruslan Hacıyev deyib. Mövsümün əvvəlində adıçəkilən komandaya qoşulan oynunçu bu qərarına görə təəssüfləndiyini bildirir:

“İrəvan”a keçdiyim üçün çox peşmanam. Həyatımın ən böyük səhvini etdim. Ömrümdə bu qədər peşman olduğum bir qərar verməmişdim. Bu kluba təkcə pul üçün getmədim. Elbrus Məmmədov orda idi, ona görə komandada oynamağa razılıq vermişdim. Rəhbərlik xaric yaxşı kollektivimiz var idi. Ancaq sonra hər şey başqa cür oldu. Hazırda klubsuz qalmışam, yeni təkliflər gözləyirəm. Əslində, I Liqa təmsilçilərindən mənimlə maraqlanan olur. Amma istəmirəm. 25 yaşım var, I Liqada oynamaq mənə ağır gəlir. Əgər Premyer Liqadan təklif olmasa, nə edəcəyimi də bilmirəm. Hələ buna konret qərar verməmişəm”. 

Ötən mövsümü “Səbail”də keçirən Hacıyev “dənizçilər”dən ayrılmasını da şərh edib. O, zəif olduğuna görə bu qərarın verildiyini düşünmədiyini bildirib:

“Ötən mövsümü də izləmisiniz. “Səbail”in Premyer Liqada qalmasında böyük rolum olub, mənə bir şans da verilməldir. Ötən mövsüm də performansım zəif deyildi. Sadəcə, baş məşqçi Şahin Diniyev belə qərar verdi. Hər məşqçi öz heyətini qurmaq istəyir. Onunla aramızda heç bir şey olmayıb. Məşçqi belə qərar verib, mən də hörmətlə yanaşmışam. Premyer Liqadan başqa təklifim olmadığı üçün də “İrəvan”ı seçmək məcburiyyətində qaldım. Ancaq indi boşdayam. Əsas liqada oynamaq istəyirəm. Premyer Liqada oynamaq gücüm var. Bütün komandalara kömək edə bilərəm. Özümü göstərmək üçün onlardan şans istəyirəm”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43