22 Oktyabr 2024
Kateqoriyasız

Səbrin mükafatı – Tovuz təəssüratı

Zəfər günü ərəfəsində Tovuza səfər lap yerinə düşmüşdü. MPL-in 3-cü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” matçı üçün PFL-in yeni pilot layihəsinə qoşulan media mənsubu kimi Tovuza yollanası olduq. 438 km-lik məsafəni cari mövsümdə 3-cü dəfə qət etməli idik. Ki, bunu çətinliklə də olsa edə bildik.

Ən yaxşısını istəyərkən heç yaxışı da olmadı

Bu dəfə səfərimizi mövcud situasiya səbəbindən Bakı Avtovağzalından deyil, Lökbatan dairəsi kimi ad çıxaran yerdən etməli idik. Buradan ölkənin az qala hər istiqamətinə gedən avtomobil tapmaq mümkün idi. Lakin bəzən hər şey sən planlaşdırdığın kimi də olmur. Saat 08:30-dan uzun məsafəni daha komfortlu avtomobillə getmək istəyi bizə baha başa oturdu. Təbii ki, söhbət maddi tərəfindən getmir. Bu dairədən Tovuza “VİTA” və ya sedan tapmaq olduqca müşkülə çevirildi. Sonucda bir “VİTA” ilə razılaşdıq və bununla da Tovuz sərgüzəştlərimiz başladı. Uzun məsafəni nəzərə alsaq normalda avtomobilin 2 dəfə istirahət üçün dayanması normaldı. Ancaq 8 dəfə sürücünün öz istəyi, 1 dəfə isə maşında yaranmış nasazılıq ümumilikdə 9 dəfə fasilə etməyimizə səbəb oldu. Bu da təxminən 2 saatdan çox vaxt itkisi oldu. Hərçənd ki, oyuna çatmaq üçün vaxt yenə yetərli idi, ancaq olmadı. Buna da səbəb sürücünün avtomobili müəyyən edilmiş sürətdən daha aşağı sürətlə sürməsi idi. Sonradan sürücünün bu yaxınlarda yol-nəqliyyat hadisəsi törətdiyini, bu səbəbdən sürücülük vəsiqəsinin  Dövlət Yol Polisi əməkdaşları tərəfindən alındığını, hətta “icazə vərəqəsi”nin olmadığını öyrənincə niyə tısbağa yerişi ilə hərəkət etdiyimizi anladıq.Qısacası 5-5 saat yarımlıq yolu tam-tamına 7 saata getdik. Beləliklə, oyunun 73-cü dəqiqəsində Tovuz şəhər stadionuna çatdıq.

Qələbəlik, bayram ab-havası

Stadiona çatar-çatmaz qələbəlik, sevinc, birliyi özündə təcəssüm etdirən bayram ab-havası gördük. Sanki “Turan Tovuz” lider “Qarabağ”a ilk xal itkisini yaşadırmış kimi… Stadion tam dolu, tribunalarda isə tam bir bayram havası. Təbii ki, büdrəmək fikri olmayan “köhlən atlar” məsələni artıq ilk hissədəcə həll etmişdi. Tovuzlu azarkeşlərin alqışları ilə meydana daxil olan “Qarabağ” eyni jestlə də meydanı tərk etdi. Qərb bölgəsinin yerli azarkeşlərinin “Qarabağ” və Qurban Qurbanova olan sevgisini, ehtiramını isə görməmək mümkün deyildi. Üçrəngli, “ay-ulduzlu” bayraqlarla stadiona gələn yerli fanatlar eyni sevinclə də oradan ayrıldığını müşahidə etmək çətin deyildi.

Təşəkkürün biri PFL-ə, digər “Turan Tovuz”a

Peşəkar Futbol Liqası da bu səfərə xüsusi hazırlaşmışdı. Qurum az qala bütün əməkdaşları ilə bu səfərdə təmsil olunurdu. Bayram ab–havasının arenada yaşanması üçün sözügedən qurumun əməkdaşları da əlindən gələni etdi və çəkilən bu əziyyətin uğurlu alındığını demək olar. Hətta matçdan öncə simvolik olaraq topa ilk zərbəni mina partlayışından zərər çəkmiş Tovuzun Əlibəyli kənd sakini 18 yaşlı Elgün Hüseynov endirdi. PFL-in öncə Gəncədə, daha sonra Tovuzdakı bu təşəbbüsünə, nəcib addımına böyük bir alqış düşür. “Turan Tovuz” klubunun, həmçinin komandanın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev jurnalistlərə xüsusi qayğı göstərdi. Ki, bu ilk belə hal deyildi. Tağıyev bundan öncəki ev matçlarında da Bakıdan gələn media işçilərini böyük sayğı, hörmətlə diqqətdə saxlamışdı.

Səbirin mükafatı

Allahın insana verdiyi ən ali mükafatlardan biri heç şübhəsisz ki, səbirdi. Məhz səbirin, təmkinliyin gün sonunda xoş aura ilə əvəzlənməsi bu səfəri rəngarəng etdi. Uzun məsafənin gətirdiyi yorğunluq Tovuzda gördüyümüz mənzərələr fonunda yoxa çıxdı desək yanılmarıq. Hava artıq qaralmış və biz Tovuz avtovağzalından bu şəhəri tərk edəndə saatlar 20:25-i göstərirdi.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43