28 Noyabr 2024
Ölkə futbolu

“Səhvlərin az olması üçün çalışmalıyıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hekken” oyunundan əvvəl mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib:

“Bu il avrokubokda son oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşmadır. Rəqib görüşə ciddi hazırlaşır. Turniri xalsız tərk etmək istəmirlər. Bunu nəzərə almalıyıq. Oyunçuların psixoloji cəhətdən də matça tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm”.

Qurbanov Finlandiyada əməliyyat olunan müdafiəçi Kevin Medinanın yoxluğuna toxunub: “Bu matçda hamının sağlam olmasını istərdim. Futbolçular hamısı bunu haqq ediblər. Təəssüflər olsun ki, Medina heç Bakıda da olmayacaq. Dünən özü ilə görüntülü danışdım. Əsas oyunçularımızdan biridir. Onun da meydanda olmasını istərdik. İnanıram ki, digər futbolçular istədiyimiz kimi çıxış edəcək. Medinanın qısa zamanda dostlarının, ailəsinin yanında olmasını arzulayıram. Marko Veşoviçin durumu isə normaldır. Onun meydana çıxacağına ümid edirəm”.

Təcrübəli baş məşqçi Avropa Liqasında pley-offa vəsiqə qazanmaq ehtimalı barədə danışıb: “Daha əvvəl şansları əldən vermişik. İndi istək həddindən artıq çoxdur. Biz soyuqqanlı yanaşmalıyıq. Səhvlərin az olması üçün çalışmalıyıq. Meydanda düzgün oyunla istəyimizə çatmaq istəyirik. İnanıram ki, futbolçular ən düzgün oyunlarını göstərəcəklər”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43