20 Sentyabr 2024
Ölkə futbolu

“Şərtlər həm “Makkabi”, həm də bizim üçün bərabər olacaq” – Yusif İmanov

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” iyulun 18-də Sloveniya toplanışını başa vuraraq Macarıstana yollanacaq. 

“Bayquşlar”ın qapıçısı Yusif İmanov İdmanxeber.az-a müsahibəsində toplanışı dəyərləndirib, “Makkabi” ilə keçirəcəkləri oyunlara toxunub:

– Komanda Sloveniya toplanışı başa vurmaq üzrədi. Bu toplanışı necə dəyərləndirərdin?

Bəli, təlim-məşq toplanışımız yüksək səviyyədə keçir, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edirik. Bir neçə yoldaşlıq görüşləri keçirdik və fikrimcə bu oyunlarda müsbət şeylər ortaya qoya bildik.

– Yoxlama matçlarında inamlı təsir bağışladınız. Bu nəticələrdə də öz əksini tapır. “Sabah”ı yeni mövsümə hazır hesab edə bilərikmi?

Oyunlarımız yaxşı keçir. Ümid edirəm ki, Konfrans Liqasındakı oyunlarda sərfəli nəticə qazanaraq, çempionata da yüksək ab-havada başlayarıq.

 – Qarşıdan “Makkabi” ilə oyunu gəlir. Futbol ictimaiyyəti “Sabah”ın şanslarını az dəyərləndirir. Sizin “Makkabi” səddini keçəcəyinə dair inamınız nə yerdədi?

Önəmli olan bizim oyuna yanaşmağımızdı. Kağız üzərində kimin favorit olduğunun önəmi yoxdu. Məğlubedilməz rəqib yoxdu. İstəkli, əzmkar mübarizə aparsaq, müsbət nəticələr əldə etmək olar.

– Rəqibin ev oyunlarını neytral meydanda keçirməsi sizin üçün əlavə üstünlük hesab etmək olar?

Düşünmürəm ki, bu bizə hansısa cür təsir etsin. Biz əsas oyuna köklənirik. Oyunun harada keçirilməsinin fərqi yoxdu. Həm rəqib üçün, həm də bizim üçün yad meydançadı. Şərtlər hər iki komanda üçün bərabər olacaq. Ümid edirəm ki, sonda qələbə qazanan tərəf biz olacağıq.

– Azarkeşləriniz həm Konfrans Liqası, həm də yeni mövsümdə Premyer Liqada “Sabah”dan nə gözləsin?

İlk öncə azarkeşlərimizə bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Onlara demək istəyirəm ki, çalışacağıq onları sevindirən nəticələr qazanaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43