Niderlandın “Ayaks” klubu Avropa Liqası Liqa fazasının 3-cü turu çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq.
İdmanxeber.az xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?
– Plan belə idi. Biz adətən diqqəti cəlb etmək üçün yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.
– Sabahkı matç haqqında nə düşünürsünüz?
– Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.
– “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?
– Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.
– Sabah hansı nəticəni gözləyirsiniz?
– “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.
– Zehni olaraq uduzmağa hazırsınız?
– Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.
– Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?
– Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik.