Kateqoriyasız

“Sabah”da qalmaqal – sponsorlar narazıdı: büdcə 2 dəfə artırılsa da, nəticə yoxdu

“Sabah”da vəziyyət gərgindir.

Son günlər klubun sponsorları ilə hazırkı rəhbərlik arasında ciddi narazılıq hökm sürür.

Belə ki, mövsümün əvvəlində klubun illik büdcəsinin 4,5 milyon manat olacağı planlaşdırılırdı. Lakin bu günlərdə məlum olub ki, 2019/2020 mövsümü üçün klubun xərci nəzərdə tutulundan 2 dəfə çox – 9 milyon manat təşkil edir. Bu isə sponsorların ciddi narazılığına səbəb olub. Maliyyənin nəzərdə tutulandan 2 dəfə çox xərclənməsi bir yana, əsas problem 9 milyonun qarşılığında nəticənin olmamasıdı.

Mövsümün əvvəlində klubun qarşısına ilk “üçlüy”ə düşmək, Avroliqaya yollanmaq tapşırığı qoyulmuşdu. Lakin 20 turdan sonra “Sabah” 8 komanda arasında 6-cı pillədə qərarlaşıb. Üstəlik, komanda kubokda da mübarizəni dayandırıb. Düzdür, qarşıdakı 8 tur ərzində “Sabah”ın vəziyyəti xilas etmək şansı var. Lakin Avroliqaya yollanmaq üçün “Sabah”ın taleyi öz əlində deyil. Klub Premyer Liqada 4-cü olsa belə, kuboku “Zirə”, “Qəbələ” və “Sumqayıt”dan birinin qazanması komandanı Avroliqadan kənarda qoyacaq.

Qarşıdakı 8 tur “Sabah”ın hazırkı rəhbərliyinin yeganə ümid yeridi. Əks halda, vəziyyət daha da pis olacaq. İl ərzində xərclənən 9 milyon manatın hesabatını vermək lazımdır.

Bütün bunları nəzərə alan “Sabah”ın hazırkı rəhbərliyi bütün vasitələrlə çempionatında davam etdirilməsinə çalışır. Hətta işə İctimai Televiziyanı da qatıblar. Klub və kanal rəhbərliyi arasındakı isti münasibətlər səbəbindən son günlər mütəmadi olaraq İTV-də çempionatın davam etdirilməsi ilə bağlı sujetlər hazırlanır, bu məqam xüsusi vurğulanır. Hətta bu kanalda yayımlanan “3 D” proqramının aparıcı olan personaj – Dadaş Dadaşlinski belə bu məsələ ilə bağlı fikir bildirir.

Futbolxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43