22 Dekabr 2024
İdman

Şahmatın “Əlifba”sında intellekt sınağı (FOTOLAR)

“Əlifba” Uşaq Tədris Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə balaca şahmatçılar arasında tempo turniri keçirildi. 32 nəfərin qatıldığı açıq turnirdə “Əlifba” Uşaq Tədris Evindən başqa Aura idman kompleksi, Hövsan və Suraxanı şahmat məktəblərindən də iştirakçılar var idi. Yarışın təşkilatçısı Araz Babayevə turnirin təşkilində hakim qismində  Respublika Şahmat Məktəbinin mütəxəssisi Raul Quliyev kömək edirdi. Turnirə fəxri qonaq kimi Biləsuvar rayonunu təmsil edən şahmat üzrə 10 yaşlılar arasında Azərbaycan çempionu Xəzər Babazadə də qatılmışdı.

İsveçrə sistemi üzrə keçirilən gərgin yarışın sonunda qalib Suraxanı Gənclər evinin şahmatçısı Habil Cavadov oldu. Turnirin gümüş medalını Hövsan qəsəbəsini təmsil edən Toğrul Qurbanov, bürünc medalını isə yenə də Suraxanı Gənclər Evinin balaca intellektualı Ramil Əsgərov qazandılar.  

Qızlar arasında qalib isə “Əlifba” Uşaq Tədris Evinin yetirməsi Elnarə Məlikzadə ən güclü oldu.

Turnirin sonunda “Əlifba” Uşaq Tədris Evinin direktoru Mina Əhmədova yarış iştirakçılarını qazandıqları uğur və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək onlara qarşıdan gələn yarışlarda uğurlar arzuladı.

Qeyd edək ki, “Əlifba” Uşaq Tədris Evinin şahmat kursu respublikamızda öz dəst-xətti ilə seçilən bir məktəb olmaqla Azərbaycan şahmatına Xumar Məhərrəmova, İsmayıl Qurbanov, Sabir Xanzadəyev, Paşa Aslanov, Kənan Şəfiyev, Əhməd Bəxtiyev kimi 1-ci dərəcəli perspektivli şahmatçılar nəsli yetişdirmişdir.

Sonda qaliblərə turnirin kubok və medalları, xatirə diplomları və hədiyyələr təqdim edilib.  

 

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43