Azərbaycan Premyer Liqasında XIV turun “Şamaxı” – “Sumqayıt” (4:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Danışası çox şey yoxdur. Yaxşı oynamadıq. “Şamaxı” layiqli qələbə qazandı. Onları təbrik edirəm. Gələcək oyunlara hazırlaşacağıq.
– Azarkeşlər komandadan narazılıq edir…
– Belə tənqidlər eşitməmişəm. Azarkeşlər həmişə qələbə istəyir. Özümüz də qalib gəlmək istəyirik. Təəssüf ki, bu gün alınmadı. Azarkeşləri başa düşmək olar. Biz də komandanı düzəltmək istəyirik. Qələbələr olmalıdır.
– “Şamaxı” ilə matçın bu qədər çətin olacağını gözləyirdiz?
– Gözləyirdik. “Şamaxı” pis komanda deyil. Gənc və təcrübəlilərdən komanda formalaşdırılıb. Burada onlarla hamı çətinlik çəkir. İstəkli komandadır.
– “Neftçi” ilə matç və bugünkü oyun arasında böyük fərq var idi. Bu, nə ilə bağlıdır?
– Fərq var idi. Həmin matçda daha istəkli idik. Bu gün isə “Şamaxı” daha istəkli oldu. “Neftçi” ilə matçda da 4-5 xəstə oyunçumuz var idi. Hələ də tam bərpa olmamışdılar.
– Əvvəl komanda qol vura bilmirdi. İndi isə müdafiədə səhvlər edirsiz. Bu, nədən qaynaqlanır?
– Diqqətsizlikdən qaynaqlanır. Fərdi səhvlərdən qollar buraxırıq. Həm hücum, həm də müdafiədə xeyli problemlərimiz var.
– Heyətinizdə legionerlər, milli komandada oynayan futbolçular var. Amma bu gün “Şamaxı”nın gəncləri qarşısında aciz qaldılar. Günahkar kimdi: Baqa, ya…
– Burada məşqçilik məsələsi deyil. Meydanda passportlar önəm daşımır. İdmançı xarakter göstərməlidir. Xarici vətəndaşın yerli oyunçulardan yaxşı olması deyə bir şey yoxdur.