Azərbaycan Premyer Liqasının 6-ci turunda “Neftçi” səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Samir Əliyevin oyundan sonra mətbuat konfransında bunları deyib:
“Neftçi” təcrübəli və gənc futbolçulardan ibarət “Qarabağ”la başabaş mübarizə apardı. Hətta hesabda irəli də çıxdıq. Amma son anda qələbəni əldən verdik. Oyunun sonunda olan penalti epizodunu görmədim. Görmədiyim epizoda isə şərh verə bilməyəcəyəm. Sadəcə, istəyim odur ki, hakimlər daha diqqətli olub, gənc oyunçuları həvəsdən salmasınlar. Bizə vaxt lazım olacaq ki, gəncləri hazırlayaq. Əlbəttə, oyunda vaxt uzatmaq bizə yaraşmaz. Gələcəkdə bunu etməməyə çalışacağıq. Bəzi epizodlarda Anyete bir az artistlik elədi. Fəhmin Muradbəylidən isə soruşdum, dedi ki, ayağında ağrılar var. Zədələnən Araz Abdullayevin əvəzinə meydançaya çıxan Ruslan Qurbanovu sonradan ona görə dəyişdim ki, ayağında ağrılar var idi. Gələcəkdə yaxşı oynayacaqsa, meydançada olacaq, hazır olmayacaqsa, kənarda qalacaq. Bizim üçün fərq eləməz. Adlara yox, hazır olan futbolçuya üstünlük verəcəyik. “Qarabağ” elə bir rəqibdir ki, onu həmişə təzyiq altında saxlamalısan. Bunun üçün də fiziki gücümüz yerində olmalıdır. Öz fəlsəfəmiz var və onu tətbiq etməyə çalışırıq. Ola bilər ki, gələn oyun pis oynayaq. Lakin bizim bir yolumuz var və həmin yol ilə gedirik. Gənc oyunçularımız çoxdur. Onların bir birini başa düşməsi üçün vaxta ehtiyacımız var”,