23 Sentyabr 2024
Ölkə futbolu

Samir Abasov: “Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb”

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımların atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Bu gedişlə növbəti iki oyunu da uduzmağa gedirik. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Zirə” məğlubiyyəti (0:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“Komanda olaraq formada deyilik, balans yoxdur. Fikirləşirəm ki, bir komanda 3-4 nəfər yeni gələnlər oynayırsa, fiziki formadan uzaqdırlarsa, digərlərinə də təsir edəcək. Yəni, digər oyunçular məcburdur ki, çox qaçsın, güc sərf etsinlər. Komandada fiziki baxımdan disbalans var. Bu da yenilərlə deyil, köhnələrlə bağlıdır. Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb. Hansı söhbətlər olduğunu demirəm, özləri başa düşürlər. Gedişat pisdirsə, öz karyeraları üçün də pis ola bilər. Oynamayacaq, formadan düşəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43