Kateqoriyasız

Samir Abasov: “Elxan Məmmədovla Ramin Musayevin dediyini təsdiqləyənlərdən çəkinin”

Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Oyunun sonlarında xal itirmək ehtimalınızı düşündüz?
– Oyun yorucu keçdi. Maraqsız idi. Bilmirəm ki, bu rahatlıq hardan gəlirdi. Son 15 dəqiqəni çıxmaqla oyun xoşuma gəlmədi. Heç-heçə də ola bilərdi. Belə arxayınlıqla hər nəticə ola bilər. Futbolda belə şeylər olur. Ümumiyyətlə, darıxdırıcı oyun oldu. Qələbə ilə qayıtmaq xoş oldu. Alınmayan oyunlar, hətta hesabda geri düşməyi, uduzmağı gözə almışıq. Çünki yeni və cavan oyunçularımız çoxdur. Vaxt lazımdı. Səhv edə-edə düzələcəyik. Bu gün lazımsız ötürmələri həddindən çox edirdik. Əsas odu ki, bütün futbolçularımız salamatdı.

– Voyislav Stankoviçlə Mamadu Kane arasında gərginlik var idi…
– Onlar bir-birilərinə çox yaxındı. Bilmirəm ki, Kane gedəndən sonra o neyləyəcək. Məşqlərdə də bir çalışırlar. Paltardəyişmə otağında hava xoşdusa, qalanı boş şeydi.

– Korrea nə vaxt hazır olacaq?
– Yeni transferlər hələ tam formalarında deyillər. Son dəqiqələrdə rəqib təzyiq edəndə, yeni oyuna girən Tiaqonun fiziki durumu ortaya çıxdı. Məşqlər vasitəsilə bunları aradan qaldıracağıq.

– Stankoviçin milliləşdirilməsi gündəmdədi?
– Xeyr. Filip Ozobiç milliləşdiriləndə Stankoviç deyirdi ki, məni niyə milliləşdirmirlər. Bu, bizdən asılı deyil.

– Sizcə, çempionat davam edə-edə limiti aradan götürmək olar?
– Hər şey mümkündü. Hərənin bir fikri var. Mən düşünürəm ki, güclü futbolçu oynamalıdı. Elxan Məmmədovun, Ramin Musayevin – hərənin öz fikri var. Mənim də. Şəxsi fikrimdi ki, limit aradan götürülsün. Elxan Məmmədov, Ramin Musayevin dediyini təsdiqləyənlərdən çəkinin. Onlara xoş gəlsin deyə, təsdiqləyənlər var. Hər kəsin öz fikri var.

– Emin Mahmudovun durumu necədi?
– Elvin Camalovla mübarizədə zədə aldı. Son durumu 1-2 gün sonra bilinəcək.

– Sezar Meza Kolli ilə də sanki mövqe ilə bağlı dialoqunuz oldu. Etiraz edirdi?
– Etiraz etmirdi, sadəcə, o da öz baxışını izah etməyə çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43