19 Yanvar 2025
Ölkə futbolu

Samir Abasov: “Hücumlarda daha da kəsərli olmalıyıq”

Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 19-cu turunun “Sabah”la oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.

– Matçın sonlarına yaxın sanki siz başqa şey fikirləşirdiz, futbolçular bununla razı deyildi. Qazanılacaq bir xalı itirməkdən qorxdular və risk etmədilər…

– Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik. Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə də hər şeyin möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim. Qol buraxıb, qol vurursansa, ruhlanırsan. Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumu, yorğunluğunu da nəzərə almalıyıq. Deməzdim ki, istəmirdilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır. Yaxşı maraqlı oyun oldu. Qol çox olmadı, epizodlar da həmçinin. Futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki…Oyunun intizamını düzəltmək lazımdır. Psixoloji məqamlar da var. “Neftçi” adına çox hücum etməliyik. Əhatəsi böyük məsələdir. Bunlar bir günlə düzəlməyəcək. Bu oyunda intizama görə sağolsunlar. Kim hara düşmək lazım idi, onu düzgün etdilər. Biz rəqibə çox epizod vermədik. Dörd qol buraxdığımız oyunlar var idi. Hücumlarda daha da kəsərli olmalıyıq. O da pis sezilən tərəf idi. Aradan qaldıracağıq. Uzunmüddətli iş görməliyik ki, hamısı düzəlsin. Tempə futbolçular dözsün, diqtə edən tərəf biz olaq. Bu tempə dözmək üçün hər şey yerində olmalıdır. Problemlərimiz var, aradan qaldıracağıq. Vaxt lazımdır.

– Onları daha tez aradan qaldırmaq üçün qışda yoxlama görüşü köməyinizə gəlməzdi?

– 18 oyuna problem aradan qalxmayıbsa, yoldaşlıq görüşü ilə aradan qalxan deyil. Bu haqda danışmışıq. Hər şeyi o toplanışa bağlayırıqsa, tam razıyam. Meydanda işlədiklərimizi gördük. Yoldaşlıq görüşləri ilə hər şey düzələn deyil. Amma daha yaxşı olacaq, inanıram. 

– Azarkeşlərin daha iddialı “Neftçi” görməsi üçün nə qədər vaxt lazımdır?

– Demişdim axı, martın 22-i(gülür). 

– Gerçəyə baxaq. Vaxtla bağlı rəhbərliyə nəsə demisiz?

– Yox, bu qədər vaxt lazım olduğunu deməmişəm. Bu klubda futbolu tək anlayan mən deyiləm. Mən deyən düzdür deyə, bir şey yoxdur. Rəhbərlik də hər şeyi yaxşı başa düşür. Biz də başa düşməliyik ki,onlar hər zamna yaxşısını gətirib. Onlar da daha yaxşı “Neftçi” olmasına çalışır. Mənim futbolçularımı efirdə, saytlarda yerdən-yerə vururlar. Bu futbolçu filan şey etmədi, bu futbolçu oynaya bilmir. Onlar oynaya bilmirsə, dominant futbolu necə oynayaq? Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Kökə bağlı bir şeydir. İlin əvvəlindən qurduğun işə bağlanır. Ayaqda durmağı bacarmalısan və komanda, məşqçi işi ortada olmalıdır. Sizin gözünüzdən qaçan şeylər var ki, mən də razıyam, daha çox şey tələb edirik. Amma tələb edəndə düşünürəm ki, o futbolçu bunu edə bilər? Bizdən yuxarıda gedən komandalar…”Qarabağ”ı çıxaq. Orada artıq sistem məsələsi var. Digər komandalar bir-biri ilə oynayanda, hansı dominantdır? Bəlkə dominant anladığım məsələ başqadır, sual verənlərin anladığı dominant başqa….Mən anladığım dominant futbol bir günlə düzələn bir şey deyil. Onun üçün kökün olmalıdır, ayaqda duran komanda olmalısan. Rəqib artıq bilməlidir ki, bu sənin oyunundur. İki-üç aylıq məşqçi dəyişikliyi ilə düzələsi bir şey deyil. (sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43