“Neftçi”nin baş məşqçisi Sami Abasov Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” matçının ardından mətbuat konfransı keçirib.
İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın çalıçdırıcısı qarşılaşmanı şərh edib və jurnalistlərin suallarını cavablandırıb:
– Azarkeşlərə təşəkkür edirəm. Bizi yaxşı dəstəklədilər. Meydançaya baxan insanlar var, bu oyunda da, “Sumqayıt”la oyunda da çox əziyyət çəkdilər. Məşq meydançalarımızı da təmizləyib, bizə şərait yaradırlar. Hamısına təşəkkür edirəm. O qədər belə insanlar var ki, kölgədə qalırlar. Onlara təşəkkür etmək borcumuzdur.
– “Kəpəz”i hansı komponentdə üstələdiz?
– Bu gün komandanı oyuna hazırlamaq önəmli idi. 2:0 hesabı da təhlükəli idi, rahatlığı aradan qaldırmaq lazım idi. Uşaqlar ilk dəqiqədən göstərdilər ki, hansı niyyətlə oyuna çıxıblar. Futbol haqda danışmaq çox çətindir. Məlum məsələdir. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Sağolsunlar. Reallığı götürsək, birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəm lidi. Onu da bacardılar.
– Qrafikə baxanda görürük ki, martın 22-dən sonra “Neftçi”nin çətin oyunları başlayır…. “Sabah” da kubok istəyir…
– Bəli, rəqib də kuboka köklənib. Martda hansı oyunların olduğunu bilirdim. Hər həftə oynayacağımız matçlara köklənirik. Bu mövsüm nə qopara bildiksə, qoparacağıq. Kubok olsun, çempionat olsun. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız oyunlarda da xal toplamağa çalışacağıq. 1-2 ildir ki, referilər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək… Amma elə epizodlar var ki, TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçir. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadır. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Şiddət də yoxdur. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. Qırmızılıq bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitbaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi.
– Hakimin epizodu VAR-da dəyərləndirməyə kifayət qədər də vaxtı oldu. Sizcə, bundan sonra verilən qərar sizə qarşı qərəzdən irəli gəlir?
–VAR-ı ümumiyyətlə Azərbaycandan rədd etmək lazımdı. Hər halda hakim bu gün kitabı açacaq və buna oxşar bir qayda tapacaq. Burada düşdüyü situasiyaya görə qərar vermək lazımdır. Mənim ötürməmdən sonra ayağım sürüşüb dəyirsə, burada şiddət yoxdur. VAR-a baxdıqda bunu bir az məntiqlə düşünmək lazım idi. Buna görə də etiraz etdim və “sarı” aldım. Qərəzdi və ya qərəz deyil bunu deyə bilmərəm.