“Çox gərgin oyun alındı, qarışıq hisslərim var, nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, oyunun hakimliyi ilə bağlı heç bir narazılığının olmadığını bildirib:
“Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları yaratdılar. Səhvlərimizin sayı çox oldu”.