22 Dekabr 2024
Kateqoriyasız

“Sanki ikimiz də səfərə gedirik” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə “Şamaxı”ya qarşı keçirəcəkləri oyundan öncə klub televiziyasına açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, 44 yaşlı mütəxəssis onu bir neçə məsələnin narahat etdiyini bildirib:

“Son oyundakı bəhanələr yaşanmasın deyə, növbəti qarşılaşmaya tam fərqli, tam ciddi hazırlaşırıq. Bəzi oyunçuların zədəsi var. Onların matça hazır olub-olmayacağı sual altındadır. Nikbinik və motivasiyamız da yaxşıdır. Uzun fasilədən sonra “Zirə” ilə birinci oyuna çıxdıq. Nəticəni kənara qoysaq, oyun bizim üçün ürəkaçan olmadı. Bunları kənara qoysaq, hər şey şey yaxşıdır.

Mövsümün son dövrəsində xal itkiləri bizə baha başa gələ bilər. Bunları anlayırıq. Oyunçuların özləri də başa düşürlər ki, belə oyunla irəli getmək və nəyəsə ümid etmək olmaz”.

“Ağ-qaralar” Şamaxıdakı oyuna Eddi İsrafilov itkisi ilə çıxacaqlar. 30 yaşlı yarımmüdafiəçi evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri 21-ci tur matçında qırmızı vərəqə alaraq, cəzalı duruma düşüb. Abasov İstafilovun mövqeyində bir neçə gənc oyunçunu sınadığını, lakin hələ qəti qərar vermədiyini vurğulayıb: “Müxtəlif fikirlərimiz var. Kim hazır olsa, ona da şans verəcəyik”.

“Neftçi” “Zirə” ilə Azərbaycan Kubokunun yarımfinalında da üz-üzə gələcək. Abasovun fikrincə, çempionat və kubok oyunları fərqli olacaq: “Zirə” ilə çempionatda necə oynamışıqsa, bu, o demək deyil ki, ölkə kubokunda da elə çıxış edəcəyik. Nəticə bundan pis və daha yaxşı ola bilər. Əsas oyunçularımız sıradan çıxmasa, hər şey yaxşı olacaq”.

Şamaxıya futbolun qayıtmasını çox gözəl hadisə kimi dəyərləndirən Abasov eyniadlı komandanın ilk oyununu məhz “Neftçi”yə qarşı keçirəcəyini fəxrlə vurğulayıb: “Eşitdiyimə görə, oyundan əvvəl də tədbirlər olacaq. Biz bundan sonra səfər oyunlarına alışmalıyıq. Bizim üçün necə çətindirsə, “Şamaxı” üçün də elədir. Onlar da bir gün əvvəl Şamaxıya gedəcəklər. Sanki ikimiz də səfərə gedirik və neytral meydanda oynayacağıq. Ən yaxşısı nədirsə, onu edib qayıtmağa çalışacağıq. Səfərlərin bizi yoracağına inanmıram. Ötən il də belə hal yaşamışdıq”.

Aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 14:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43