“Fernandu Santuşun göndəriləcəyini gözləmirdim. Ona şans verilir ki, dünya çempionatı seçmə mərhələsində vəziyyət çıxsın. Millətlər Liqasındakı uğursuzluğu unutdursun. Amma bu da çətin görünür, komanda daha pis günə düşüb. Millimiz seçmə mərhələdə 1-2 xal toplasa, böyük şeydi”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov Fernandu Santuşun yığmanın başında saxlanılması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“AFFA rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Bu işdə məsuliyyətli şəxslər onlardı. Hər birimizin səhv və ya doğru qərarları ola bilər. Ancaq şəxsi fikirlərimi də hər zaman açıq şəkildə demişəm. Yenə deyirəm, Santuş bizə lazım deyildi, yalandan büdcə dağılır. Ortada da nəticə görünmür. Dünya çempionatı seçmə mərhələsində də ciddi şansımız yoxdu. Bunu ümumi vəziyyəti analiz edib deyirəm. Qrupdakı rəqibləri görəndə bu qənaətə gəlmək olur. Həm də Millətlər Liqasındakı çıxışımızı da nəzər almalıyıq. Oradakı nəticələri də unutmamışıq. Təki yaxşı olsun. Amma vaxt gedir, ortada heç nə yoxdu. Açığı, bu dəqiqə başqa bir məşqçi gəlsə də, dərhal hər şey düzəlməyəcək. Amma indidən başlayıb yavaş-yavaş nələrisə düzəltmək olardı”.
Xatırladaq ki, Azərbaycan millisinin D qrupunda yarışacağı müəyyənləşib. Milli Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparacaq.
Həsən Quluzadə