24 Noyabr 2024
İdman

“Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram”

Noyabrın 11-i ölkənin idman medaisında özünəməxsus yeri olan “Het-trik news” qəzetinin 5 yaşı tamam oldu. Noyabrın 17-i isə Azərbaycan mətbuatında xüsusi çəkisi olan “525-ci qəzet” 25 illik yubileyini qeyd edəcək. İki yubiley arasında bu iki qəzetlə bağlılığı olan həmkarımızla görüşdük. Söhbət «Het-trik new»un təsisçisi və baş redaktoru İlqar Tağıyevdən gedir. Hansı ki, 24 il əvvəl jurnalistikada ilk addımlarını “525-ci qəzet”də atıb, bu gün də həmin qəzetin əməkdaşıdır. İ.Tağıyevlə bir çox mətləblərdən danışdıq – jurnalistikaya gəlişindən, yarımçıq qalmış futbolçu karyerasından, «Het-trik news»un yaranmasından, təmsil olunduğu AFFA yanında Media Komitəsindən, futbolçu olmağı arzulayan övladlarından…
 
“Özümə maddi cəhətdən daha yaxşı həyat qura bilərdim”

 

– Əvvəlcə istəyirəm çox qısa davam edən futbolçu karyeran barədə danışaq. Bu gün mən jurnalist İlqarla yox, futbolçu İlqar Tağıyevlə həmsöhbət ola bilərdim. 
– Hamı kimi mən də futbola məhlədə başlamışam. Məndən yaşca böyük olanlar məşqlərə gedirdilər. Yusif adlı bir oğlan da mənim oyunuma bələd idi. O təklif etdi ki, gedək futbola yazıl. Təbii ki, valideynlərim razı olmadı. Onlar təhsil almağımı istəyirdilər. Bakıda 159 nömrəli məktəbdə oxuyurdum. Düşünürdülər ki, futbola getsəm, təhsilimi yarımçıq qoyacam. İlk dəfə 1989-cu ildə valideynlərimdən xəbərsiz futbol məşğələlərinə yazılmışam. Həmin dövrdə “Avrora” (indiki Qara Qarayev –red.) metrosunun yaxınlığında bir stadion var idi. Maraqlıdır ki, ilk məşqdən sonra məşqçimiz, rəhmətlik Hüseyn İsmayılov dedi ki, sabah doğum haqqında şəhadətnaməni gətirərsən. Futbolla məşğul olduğum müddətdə üç dəfə ayrı-ayrı vaxtlarda ilk məşqdən sonra doğum haqqında şəhadətnaməmi istəyiblər. Beləcə, “Trudovıye Rezervı-2” kimi tanınan Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin nəzdində futbolun sirrlərini öyrənməyə başlamışam. İlk komanda yoldaşlarımdan biri də vaxtilə millinin şərəfini qorumuş Fərrux İsmayılov olub. Fərruxla futbola eyni vaxtda gəlmişdik və bu günə kimi də dostluğumuz davam edir. O vaxt uşaqlar arasında Bakı birinciliyi keçirilirdi. 1977-ci il təvəllüdlülərin komandasında idim. Amma elə olurdu ki, bir gündə iki yaş qrupunda oynayırdım. Çünki məni başqa adla 1978-ci ildə doğulanların komandasına da dəvət edirdilər. Düzdür, o vaxt “lipa”nın nə olduğunu bilmirdim və sonradan keçmişə boylananda görürəm ki, həqiqətən “lipa” kimi oynamışam.  Bir mövsüm oynadıqdan sonra 1990-cı il 20 yanvar hadisələri yaşandı və futbol da bir çox şey kimi ikinci plana keçdi. Ölkədə fövqəladə vəziyyət elan olunmuşdu və məşqə gedib-gəlməyimizdə problemlər yarandı. Mən də çoxu kimi futboldan kənar düşdüm. 1992-ci ilin əvvəllərində yenidən Hüseyn müəllimin yanına getdim. Həmin vaxt mənim yaş qrupumda oynayan komanda yox idi. Yalnız aşağı yaş qrupları yarışırdı. Məni  indi “İnter Arena” kimi tanınan “Termist” stadionuna, Valeri Hacıyevin yanına göndərdi. “Sabah doğum haqqında şəhadətnaməni gətir” sözünü ikinci dəfə Valeri Hacıyevdən eşitdim. 1993-cü ilin yazına kimi əsası U-16 yığma üzvlərindən ibarət olan komandada oynadım. Üzləşdiyim haqsızlıqlara görə futbolu atmaq qərarına gəldim.

 

– Yəni, sənə Valeri Hacıyev mane oldu?
– Hə. Sadəcə, haqq dünyasına qovuşub deyə nələrsə demək istəmirəm. 1993-cü il həyatımda dönüş nöqtəsi olub. Hər yay Tovuza istirahətə gedirdim. Həmyaşıdlarım mənim yaxşı futbol oynadığımı bilirdi. Onlar dedilər ki, “Turan-2”ə seleksiya xarakterli məşqlər keçirilir. Oradan-buradan tapdığım idman geyimləri ilə məşqlərə qatıldım. Bir ayın tamamında baş məşqçi Xanoğlan Abbasova yaxınlaşdım ki, bəs, dərslərim başlayır, Bakıya qayıtmalıyam. Üçüncü dəfə orada mənə deyildi ki, sabah sənədlərini gətir. Düşünün, artıq peşəkar bir komanda məni öz heyətində görmək istəyirdi. Həmin vaxt “Turan-2” I Divizionda oynayırdı. Qismət elə gətirdi ki, bir ilimi Tovuzda keçirməli oldum. Mövsümün sonunda “Turan”ın əsas komandası çempion oldu. Prespektivli gənc kimi məni əsas heyətə cəlb etmək istəyirdilər. Amma 1994-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinə qəbul oldum və Tovuzda qala bilmədim.  Yenidən Hüseyn müəllimin yanına qayıtdım. O vaxt qəbul imtahanları sentyabrda keçirilmişdi və mövsüm başlamışdı. Yəni, mən I Divizionda oynaya bilməzdim. Hüseyn müəllim yeni komanda formalaşdırdığını dedi və mənim də bu komandada oynamağımı istədi. Həmin komanda Bakını təmsil edən “Naxçıvan” komandası idi. Bu gün futbolumuzda ad qoyan Samir Əliyev, Samir Musayev, Fərrux İsmayılov, Müşviq Qənbərov, Zaur Ramazanov, futzalda Rizvan Fərzəliyev məhz Hüseyn müəllimin yetirmələridir. Böyük bir məktəb idi. Mən o uşaqların içərisində yaşca ən böyüyü və ən təcrübəlisi idim. 1995-ci ilin 1 noyabrında “Bakı fəhləsi” ilə keçirdiyimiz oyunda, çox yaxşı formada olduğum zamanda ayağım üç yerdən sındı.Altmış səkkiz günlük “gips həyatı”ından sonra bərpa prossesi keçməli idim. Həmin vaxt paralel olaraq mən “525-ci qəzet”də işləyirdim, həm də oxuyurdum. Beləcə, futbolçu karyeramı bitirdim. Əgər belə şanssızlıqla üzləşməsəydim, yəqin ki, Azərbaycan səviyyəsində normal futbolçulardan biri olardım. Özümə maddi cəhətdən daha yaxşı həyat qura bilərdim. Peşmanammı? Yox. Bu gün baxıram ki, jurnalistika mənə daha çox şey verib. Ən azından savad baxımında. Savadlı fəhləni savadsız futbolçudan üstün tuturam.

 

– Bu gün Fərrux İsmayılov, Zaur Ramazanov və digərlərinə baxırsan, onlara peşəkar futbolçu kimi yanaşır, hörmət qoyurlar. İlqar Tağıyev isə fəxri adı belə olmayan sıravi jurnalistdir. Yəni, bu gün mən futbolçu İlqar Tağıyevlə də həmsöhbət ola bilərdim.
– Lap milli səviyyəsinə yüksəlsəydim, legioner həyatı yaşasaydım belə, mənim üçün jurnalistikanın çəkisi daha ağırdır. Səbəblərini bəlkə də yaxşı izah edə bilmirəm, amma belə rahatdır. İxtisasım jurnalist olmasa da, “525-ci qəzet”də böyük jurnalistika məktəbi keçmişəm.

 

– Bu gün reallığa baxsaq, bir tərəfdə 300-400 manat məvacib alan, məcbur olub başqa işlər də görən İlqar Tağıyev, digər tərəfdə isə yaxşı qazanc əldə edə biləcək futbolçu İlqar Tağıyev. Ən pis halda məşqçi kimi çalışa bilərdin.
– Arada futbola qayıtmağa cəhd göstərdim, Premyer Liqa klublarından biri ilə razılaşmışdım da. Amma seçim qarşısında qaldım. Ya qəzetdə işimi davam etdirməliyəm, ya da futbol oynamalıyam. Mən də qəzeti seçdim. «525»dəki işimdən razı idim və gələcəyim üçün daha böyük prespetiv görürdüm. Maliyyə tərəfini götürsək, bu gün daha yaxşı şəraitdə yaşaya bilərdim. Amma hər şey bununla ölçülmür. Bu günümə şükür edirəm. Məşqçi olsaydım, bu gün işsiz qala bilərdim. Amma jurnalist kimi heç vaxt işsiz qalmaram. Həm də, jurnalist kimi bu gün sözüm daha keçərlidir. 
 
«Qəzetin çapını dayandırmağı özümə sığışdırmıram»
 

– Necə oldu bəs jurnalistikaya gəldin?
– Uşaqlıqdan jurnalistikaya, qəzetə böyük marağım var idi. Hələ uşaq ikən məktəbdə divar qəzeti hazırlayırdım. Adı «Bilik» idi. O vaxt ağlıma də gəlməzdi ki, nə vaxtsa qəzetdə işləyəcəm, yazılarda imzam olacaq. 10-cu sinifi bitirəndə xərclərimi qarşılamaq üçün valideynlərimə müraciət elədim ki, bir iş olsaydı çalışardım. “525-ci qəzet»”in baş redaktoru Rəşad Məcidlə valideynlərim tanış idi və bu tanışlığın nəticəsi kimi işə başladım. Əslində, istəyim o idi ki, qəzet satılan köşklərin birində işə düzəlim. Çünki gündəlik xərclərimin çoxu məhz qəzet almağa sərf olunurdu. Köşkdə işləməklə bu xərci azaltmış olacaqdım. Həm işləyəcəkdim, həm də qəzetləri havayı oxuyacaqdım. Qismət elə gətirdi ki, Rəşad Məcid məni o vaxta kimi heç vaxt oxucusu olmadığım “525-ci qəzet”in redaksiyasına göndərdi. İlk dəfə 1993-cü il 17 iyul tarixində qəzetdə imzam gedib. Gülməli olsa da, krossvordun altında. Bir həftə sonra bu günlərdə 50 illiyini qeyd edən metroplitenin maşinistindən müsahibə götürmüşdüm. Bu gün o müsahibəni oxuyanda utanıram. Təbii, ilk təcrübələr idi. Zamanla Yusif Rzayevin köməkliyi ilə qəzetçilikdə təcrübə toplamağa başladım. Daha çox idman mövzusunda yazırdım. Sonra qəzetin yayımı mənə tapşırıldı. Tədricən idman sahəsindən uzaqlaşdım, yalnız yayıma nəzarət etdim.

 

– Qəzetdə ilk imzan çıxanda hansı hisslər keçirdin?
– Səmimi deyim ki, özümü “adam” hesab elədim. 17 yaşlı birinin imzası qəzetdə gedirdi…

 

– Bu günlərdə 5 yaşını qeyd edən “Het-trik news” qəzetinin yaranmasından danışaq. İdeya haradan yarandı?
– İdeya çoxdan var idi. Sadəcə, qəzeti maliyyələşdirmək imkanım yox idi. 2012-ci ildə belə fürsət əlimə düşdü və yararlandım. Maraqlı bir şey də deyim ki, indiyə kimi 100-ə yaxın qəzetin yayımını təşkil etmişəm. “Het-trik news” çap olunan gün dəhşətli dərəcədə xəstələnmişdim. Öz qəzetimin ilk yayımını başqası edib. Mətbəədə çap maşını xarab olmuşdu. Qəzetin ilk sayının çıxmama ehtimalı var idi. Allaha yalvarırdım ki, çap maşını düzəlməsin, qəzet nəşr olunmasın. Özümü zibilə saldığımı düşünürdüm. … Ertəsi gün uşaqları məşqə aparanda köşkə yaxınlaşdım və qəzetin satışda olduğunu gördüm. Bax, onda özümə söz verdim ki, bu işi gücüm çatan qədər sona kimi davam etdirəcəm.

 

– İdman jurnalistikasının durumu göz qabağındadır. Qəzet satışı isə çox aşağı səviyyədədir. Belə durumda “Het-trik news” özünü necə maliyələşdirir?
– Qəzet fəaliyyətə başladığı 3-4 ay ərzində yalnız öz gücümə çap olunub. Jurnalistikadan kənar işlərim var idi və gəlirimlə qəzeti çap etdirirdim. Sonradan bəzi klublarla reklam müqaviləsi imzalandı. Tam olmasa da, reklamların sayəsində xərclərin bir hissəsini qarşılamaq mümkün oldu. Qəzet satışından da müəyyən pul gəlirdi. Amma bu gün həmin gəlir xırda bir xərci belə qarşılamır. Sırf  buna görə qəzetin son bir neçə sayını heç də bütün yayım firmalarına verməmişəm. Çünki şərtləri ağırdır, sərf eləmir. Yalnız müəyyən abunəçilərimizə göndərmişik. Qəzetin səhifələrinin sayı da, dövrülüyü də aşağı düşüb. Mən də oxucuya bu formada qəzeti təqdim etməyə utanıram. Qəzetin çapını dayandırmağı da özümə sığışdırmıram. Gizlətməyəcəm, “Het-trik news” bəlkə də yeganə qəzetdir ki, heç vaxt özünün ofisi olmayıb. Yarandığı gündən “525-ci qəzet”in redaksiyasına sığınıb. Bunu gizlətmirəm. Bu dəstəyə görə də Rəşad Məcidə təşəkkür edirəm. Heç bir həmkarım məndən inciməsin, amma “Het-trik news”un yazıları bəlkə də ən çox oxunan yazılardır. Çünki idman mediasındakı demək olar ki, bütün saytlar mənə inanıb, tribuna ayırır. Qəzetdə gedən yazılar saytlar vasitəsilə də minlərlə oxuyucuya çatdırılır. İsveçdə yaşayan Valeh Qafarovla müsahibəmi təkcə Azərbaycanda 50 mindən insan oxumuşdu. Hətta həmin yazı rus və isveç dillərinə də tərcümə olunmuşdu.  
 
«Uzağı, İlqar Media Komitəsindən gedəcək»

 

– Yazılarını oxuyuram, sosial şəbəkədəki paylaşımlarına baxıram. Açıq deyim ki, mənim tanıdığım İlqar Tağıyev çox məqamda öz sözünü demir, mövqeyini ortaya qoymur. Bu keçmişdə futbolçu olan, yaxşı münasibətlər quran İlqar Tağıyevin kiminsə xətrinə dəyməmək siyasətidir? Yəni, son vaxtlar bir jurnalist kimi sənin tənqidi yazılarına rast gəlmirəm.
– Ümumiyyətlə, xarakter olaraq heç vaxt qalmaqala meylli olmamışam.

 

– Bunun qalmaqalla bir əlaqəsi yoxdur. Mövqeyini ortaya qoymursan..
– Elə vaxt olub ki, kifayət qədər sərt mövqe sərgiləmişəm. Əvvəlcədən deyim ki, Media Komitəsində təmsil olunmağımın mənim jurnalist fəaliyyətimə heç bir təsiri yoxdur. Neçə-neçə yazımı misal gətirə bilərəm ki, bu müddət ərzində AFFA-nı kifayət qədər tənqid etmişəm, bundan da çəkinməmişəm. Bəli, razıyam ki, MK-da olmağım vaxt azlığı səbəbindən yaradıcılığımı məhdudlaşdırıb. MK-da olmasam “Het-trik news” və İlqar Tağıyev bir şey itirməz. Kənardan yazılar yazmaqla oradan gələn gəliri əvəz edə bilərəm. Açıq deyirəm ki, mənə layihə yazılarını yazıb, əvəzində qonorar almağım müqabilində bir neçə saytdan təklif gəlib. Amma MK-nın İdarə Heyətində təmsil olunduğum üçün buna razı olmamışam. Bir tərəfdən də haqlısan ki, son 4-5 aydır yazılarımda passivlik hiss olunur. Bunun da səbəbi müəyyən problemlər odlu.

 

– Media Komitəsi ilə bağlı problemlər idi?
– Yox, başqa səbəblər var idi.

 

– Açıq danışaq ki, MK-da sənin problemin yaranmışdı. Bunu gizlətmək lazım deyil.
– Problemlər var idi, amma bunun yaradıcılığıma aidiyyəti yox idi. Həvəsdən düşmüşdüm, az-az yazırdım. İndi yenidən başlamışam.

 

– AFFA yanında Media Komitəsi və sən də bu komitənin İdarə Heyətində təmsil olunanlardan birisən. İlk təəssürat o olur ki, İlqar Tağıyev də AFFA-nın adamlarındandı. Bu ittiahmların olacağını bilə-bilə Media Komitəsinə namizədliyini irəli sürdün. Təxminən iki illik bir dövrdə belə hallarla rastlaşdın?
– MK-ə üz seçilməyim ani oldu. Açıq deyirəm ki, orada olduğum müddətdə həmişə saytlara köməklik etməyə çalışmışam. Saytların layihələrinin seçilməsi üçün əlimdən gələni etmişəm. Bir neçə sayt olub ki, onların layihəni zəif işlədiyinin şahidi olub, köməklik kimi mövzuları da təklif etmişəm. Xüsusən də çox yaxşı bildiyim uşaq futbolu barədə. MK-nin İdarə Heyətində təmsil olunanların sayt və qəzetləri layihə almaqda problem yaşamır. Bunu gizlətməyin yeri yoxdur. Mən alıramsa, niyə başqası almasın?

 

– Media Komitəsindən küskünlüyünün, soyuqluğun olduğu da ortaya çıxmışdı. Bu da milli komandanın Norveç səfəri ərəfəsində yaşandı. Söhbət həmin vaxt AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və MK-nın İdarə Heyətinin sədri Mahir Rüstəmli ilə aranda yaranan narazılıqdan gedir. Konkret olaraq deyildi ki, İlqar Tağıyev səfər davası edir.
– Bunu indiyə kimi açıqlamamışam. Sadəcə, sosial şəbəkədə yazmışdım ki, MK-dakı səlahiyyətlərim böyük qismindən imtina edirəm. Söhbətin əvvəlində də sənə tam səmimi olacağımı demişdim. Ona görə də cavablandırıram. Səbəb də bu idi ki, Norveç səfərinə gedəcək jurnalistlər arasında mənim də adım var idi.  Sonra siyahıdan adımın çıxarılmasında iki nəfər səbəbkar kimi göstərildi. Mikayıl Nərimanoğlu və Mahir Rüstəmli. Hansıki Mahir Rüstəmli ilə uzun illərdir bir-birimizi tanıyırıq və çox yaxşı münasibətlərimiz var idi. Səlahiyyətlərimdən də imtina etməyimin səbəbi o idi ki, mən MK-da təmsil olunduğum halda öz hüquqlarımı qoruya bilmirəmsə, başqasının hüququnu necə qoruyacam?  Hamı bilir ki, MK-dakı işlərin yarıdan çoxunun yükünü mən çəkirdim . Bu qədər əziyyətimin müqabilində adımın siyahıdan çıxarılmağı çox pis təsir etdi. Üstəlik, deyildi ki, İlqar səfər davası edir. Mənim belə bir davam olmayıb. Hətta arada elə bir söhbət də çıxardılar ki, İlqar Tağıyev layihələrin seçilməsi işində saytlara kömək edir və hər saytda buna görə 100 manat alır. Bu söhbətdə başqa iki nəfərin də adı hallanmışdı. Düzü, ilk vaxtlar bunu özümə dərd edirdim. Sonradan boşladım. Onsuz da həyatda hamı haqqında nəsə danışılır.

 

– Sənə elə gəlmir ki, bu söz-söhbərlər MK daxilində yaranır?  Elçin Cəlilov istefa verdi və dedi ki, öhdəliklər yerinə yetirilmir. Bu gün saytlar da MK-nə sanki “Layihələr Komitəsi” kimi yanaşır. Konkret gəlir mənbəyi. Bütün bunlar MK-də sizin işinizin aşağı səviyyədə olması deyil?
– Media Komitəsi bu gün gücünün onda biri səviyyəsində çalışır.  Əvvəlki iclasları səbrsizliklə gözləyirdim ki, maraqlı müzakirələrimiz olacaq və s. MK-nın heç bir iclasından qalmamışam, hamısında iştirak etmişəm. Amma bu gün məndə bu həvəs yoxdur. Bütün bunlara baxmayaraq, saytların yaşaması, rəqabətin yaranması, idman mediasının inkişafı üçün MK ayaqda qalmalıdır, işinə davam etməlidir.

 

– Belə çıxır ki, AFFA Media Komitəsini ikinci plana atıb, ya bu Komitədə təmsil olunanlarla bağlıdır?
– Bu suala cavab vermək çətindir. Hərdən düşünürəm ki, AFFA Media Komitəsini yaradıbsa, deməli, lazımlı komitədir. Amma tam dəstək də görmürük. Media Komitəsin səlahiyyətləri dar çərçivədədir. Bundan başqa, idman mediasının bir neçə yerə parçalanması da, MK-nin işinə mane olan amillərdəndir. İdman mediasında birlik yoxdur. Nə qədər ki, bu birlik yoxdur, inkişafdan da danışmaq olmaz. Açıq etiraf edək ki, Media Komitəsi yarandıqdan sonra idman mediasında canlanma müşahidə olunub. Araşdırma yazılarının sayı artıb, “yolaverdi” yazılar azalıb. 

 

– Yəni, sanki orta məktəbdir. Müəllim ev tapşırığı verir, onun müqabilində qiymətləndirir. Mən Media Komitəsinin işini danmıram, kölgə salmaq istəmirəm. Açıq soruşum ki, bu dediklərindən sonra MK İdarə Heyətində təmsil olunan həmkarlarının sənə qarşı bir “cəbhə” almasından çəkinmirsən?
– Yox, mən heç nədən çəkinmirəm. Uzağı, İlqar Media Komitəsindən gedəcək. Bunu da özümə faciə eləmirəm. Media Komitəsində olmasam da, layihə qalibi olmağım problem deyil. Çünki indiyə kimi layihələri ən yüksək səviyyədə təqdim etmişəm. Əgər MK-dan aldığım maaşı, layihə pulunu deyirsənsə, orada təmsil olunmasam, başqa saytlarla əməkdaşlıq edərək itirdiyim pulu kompensasiya edərəm.

 

– Bəs, belə düşünürsənsə MK-da niyə qalmısan?
– Çünki məni ora seçiblər, orada təmsil olunmağımı istəyiblər.

 

– Nə olsun, Elçin Cəlilovu da, Ruslan Mikayıllını da seçmişdilər.
– Elçinin yerinə mən cavab verə bilmərəm. Onu özündən soruşarsan. MK-də bir çox saytlara layihə seçimində, layihələrin icrasında, istərsə də mənəvi baxıman köməklik göstərmişəm. Bunu heç kim inkar edə, dana bilməz.

 

– Elçin Cəlilov istefa verdi, buna MK heç bir reaksiya vermədi. Sanki elə belə olmalı imiş. Bu gün sən də AFFA-nın verdiyi vədləri yerinə yetirməməsindən danışırsan. MK sədr və İdarə Heyəti səviyyəsində niyə buna reaksiya vermir, etirazını bildirmir?
– Komitədaxili söhbətləri danışmağım etikadan kənardır. Vəd yox, gözləntilər çox idi. Bunun da qarşılığını görməyəndə insan həvəsdən düşür. Bu, o demək deyil ki, AFFA MK-nə diqqət ayırmır. Əgər müəyyən məbləğ ayrılırsa, jurnalistlərin səfərə aparılması məsələsi təşkil olunursa, demək ki, az da olsa diqqət var. 

 

– Bu gün öz sözünü deyənlərdən birisən. İlqar Tağıyevi ağsaqqal idman jurnalisti hesab etmək olar?

– Üzdə tükün ağarması ağsaqqal olmaq deyil. Bu gün Məzahir Sülymanzadəyə də ağsaqqal desinlər, İlqar Tağıyevə də. Bu, gülməli görünər. Təcrübəli deyə bilərlər, amma ağsaqqal yox. Hələ öyrənəcəyim çox şey var. Qəzetin hər nömrəsini nəşr etdirəndə nəsə öyrənirəm.  
 
“Övladlarıma demişəm ki, mənə arxayın olub, futbol oynamasınlar”

 

-Bu gün hər iki övladın futbolla məşğuldur, hətta onlardan biri milli komandaya da dəvət alıb. Əslində bayaq dediklərinlə bu durum bir-birinə sanki ziddir. Bir valideyn olaraq onların dərsə davamiyyətinə nə qədər önəm verdiyini bilirəm. Digər tərəfdən isə futbol varsa, dərs ikinci plana düşür. Öz həyatını övladlarına yaşatmırsan ki?
– Mən futbolla məşğul olarkən dərslərimi metroda öyrənirdim. Çünki oxumağa həvəs var idi. Amma indiki uşaqlarda bunu görə bilmirik.  Günümün yarıdan çoxu uşaqlarımla bağlıdır – onları məşqə, məktəbə aparıb-gətirmək vaxtımın çoxunu alır. Ancaq bir valideyn kimi bu, borcumdur. Əsas borcum isə övladlarımın savadlı böyütməkdir. Çox çalışıram, təəssüf ki, məndə dərsə olan həvəs uşaqlarımda yoxdur, onlarda futbola olan həvəs isə məndə yox idi. Əgər bir işartı görməsəydim, onların futbolla məşğul olmasına imkan verməzdim. Artıq on dörd yaşları tamam olub (İlqarın övladları Məhəmməd və Əli əkizdir – İ.B ). İndidən deyə bilmərəm ki, övladlarım futbolçu olacaq. Dediyim kimi, işartı var və o işartını işığa çevirmək istəyirəm. Deyək ki, futbolçu olmadılar, necə olacaq? Mən də futbolçu olmadım, amma ali məktəb oxudum, təhsil aldım. Çox adam deyir ki, futbolçu oldunsa, dərs arxa plana keçir. Dərs niyə ikinci planda olmalıdır axı? 11-ci sinifi Tovuzun Bozalqanlı kənd məktəbində oxumuşam. Bir dərs 15 dəqiqə davam edirdi. Baxın, mən BDU-nə qəbul olundum. Çünki şam işığında dərs oxuyurdum. Ona görə də uşaqları düzgün yönləndirib, onlara təhsilin nə qədər önəmli olmağını izah etmək lazımdır. Savadlı futbolçu olmaları lap yaxşı. Məsələn, bir neçə il bundan əvvəl bir xəbər oxumuşdum ki, “Neftçi”nin aşağı yaş qrupundan bir nəfər altı yüzdən çox bal toplayaraq ali məktəbə qəbul olmuşdu. Bu uşaqların ondan nəyi əsikikdir? Futbolçu olmasan, fəhlə olsan belə savadlı ol ki, sabah kiminləsə üz-üzə oturanda ağzından “horra” tökülməsin. Ona görə də övladlarımın birinci növbədə savadlı olmalarını istəyirəm. Futbol mənim üçün ikinci plandadır.

 

– Məhəmməd və Əli hazırda “Keşlə”nin aşağı yaş qrupunda oynayırlar. Bir müddət də icarə əsasında “Qarabağ”da top qovdular. Həmin vaxt Ağdam klubundan onlara təklif də gəlmişdi. Hal-hazırda “Keşlə” və “Qarabağ” arasında həm imic, həm də səviyyə fərqi müşahidə olunur. İnkişafdan danışırıqsa, niyə bu keçidə razılıq vermədin?
– Birincisi, bu, xarakterimdən irəli gəlir. 24 ildir “525-ci qəzet”də işləyirəm. Dəfələrlə televiziya da daxil olmaqla, bir çox yerdən təkliflər olub. Amma getməmişəm. Bəlkə də özümə daha yaxşı karyera qura bilərdim. Yaxud yaxşı maşın almaq imkanım olduğu halda 8 ildir eyni maşını sürürəm və s. Sadiqliq mənim xarakterimdədir. Üstəlik, uşaqlarımın gündə bir klub dəyişməyinin tərəfdarı deyiləm. Bu, onların psixologiyasına mənfi mənada təsir edəcək amillərdən biridir.  Digər tərəfdən gediş-gəliş məsələsi mənim üçün daha rahatdır. Hətta deyərdim ki, “İnter Arena” mənim üçün o qədər doğmadır ki, sanki öz evimdəyəm. O cümlədən övladlarım. Bəli, “Qarabağ”la “Keşlə” arasında böyük uçurum var. Amma əsas komanda səviyyəsində. Akademiyada bu uçurumu görmürəm. Hər ikisində çatışmazlıqlar çoxdur. O ki qaldı icarə əsasında “Qarabağ”da oynamalarına. Bu məsələyə də aydınlıq gətirim. Ötən il “İnter” final mərhələsinə düşməmişdi. “Qarabağ”ın məşqçiləri Xəyal Həsənov və Elnur Əliyev komandalarında zədəli futbolçuların olması və övladlarımın da oyun praktikası qazanması baxımından onları dəvət etdilər. Sağ olsun, uşaqlar da üzümüzü ağ elədi.

 

– Bu gün övladlarının əsas heyətdə oynamasını, milliyə dəvət almasını atalarının futbol ictimaiyyətinin içərisində olması ilə əlaqələndirmirlər ki? 
– Nə vaxta kimi? Uşaq futbolunda müəyyən bir yerə qədər bəlkə də elə uşaqlar var ki, atalarının hesabına irəli gedirlər. Bəs, sonra?

 

– Sonra da yenə atalarının hesabına milli komanda səviyyəsinə qədər gəlib çıxacaqlar…
– Mənə elə karyera lazım deyil. İki fakt çəkim. Əgər atalarının hesabına irəli gedirlərsə, Əli Tağıyev milliyə çağrılanda Məhəmməd Tağıyev də onun yanında olardı. Digər tərəfdən, ötən il Ramil Həbibovun vaxtında Məhəmməd Tağıyevin adı milliyə baxışa göndəriləcək futbolçular sırasında var idi. Məhz mənim təkidimlə onun adı siyahıdan çıxarıldı. Çünki Məhəmməd zədədən yeni qayıtmışdı və fiziki durumu ondan daha yaxşı olan futbolçular var idi. Əgər İlqar Tağıyevə görə övladını meydana buraxırlar deyirlərsə, oğlum Məhəmməd Tağıyev çempionatın son 3 oyununu ard-arda ehtiyatda keçirdi. İstəsəydim, onu adını əsas heyətə saldıra bilməzdim? Övladlarıma demişəm ki, mənə arxayın olub, futbol oynamasınlar.

 

– İlqar, bir az əvvəl sadiqlikdən, ənənələrdən danışdın. Belə çıxır ki, idman mediası İlqar Tağıyevi AFFA yanında Media Komitəsində hələ çox görəcək?
– Onu indidən deyə bilmərəm. Heç bilmirəm növbəti seçkilərdə namizədliyimi verəcəm, ya yox. Çünki başqa yerlərdən də təkliflər gəlir, bəlkə dəyərləndirdim. Bir şey dəqiqdir ki, bu ənənə “525-ci qəzet” və idman mediası ilə davam edəcək.

 

Söhbətləşdi: İlkin BABA


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43