Müsahibə

Səbuhi Məmmədov “İlin yekunu”nda: “Sxadadzeyə sual vermişdilər ki, “gedirsinizmi?” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümü yarılandı. geridə qalan 16 turda Bakının "İnter" klubu cəmi bir dəfə məğlub olmaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Hazırda lider "Qarabağ"dan 5 xal geri qalan "bakirlər"in bu uğuru diqqətdən yayınmaya bilməz. Məhz bu səbəbdən 2014-cü ilin yekunları ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla görüşdük. S. Məmmədov həmişəki kimi bizi gülərüz və mehriban qarşıladı. Həmsöhbətimlə 2014-cü ildə gördükləri işlərdən, 2015-ci ildəki gözləntilərindən danışdıq.

– Səbuhi, br neçə gündən sonra il başa çatır. Bitməkdə olan 2014-cü ili "İnter" üçün necə dəyərləndirərdin?

Ümumi götürdükdə komanda məqsədlərinə çatdı. Bu 10 ildə çempionluq, kubok sevinci yaşadıq. Avrokuboklarda da müəyyən mərhələyə kimi irəliləməyi bacarmışıq. Düzdü, Avroliqada qrup mərhələsinə vəsiqə qazana bilmədik. Ancaq ümumilikdə başa çatmaqda olan bu ili qənaətbəxş hesab etmək olar.

– Komanda 2014-cü ildə mükafatçılar sırasına düşə bildi. Avroliqada mərhələ adladınız və s. Ümumilikdə bu il klubdan gözləntilər nə idi və hansı planlar baş tutmadı?

Gözləntilər qrup mərhələsinə düşmək idi. "Elfsborq"dan sonra qarşılaşacağımız komandaların da gücünü bildiyimizdən qrup mərhələsinə düşmək şansımızın yüksək olduğunu gördük. Bunu tarixi şans kimi də görürdük. Təəssüflər olsun ki, hakimin ilk dəqiqələrdən futbolçumuzu meydandan qovmağı, qapımıza penalti təyin etməsi sonradna qol buraxmağımıza gətirib çıxartdı ki, ən sonda da qalibi penaltilər müəyyənləşdirdi. Penaltilər də lotoreyadı. Bu lotoreyanı da onlar uddu.

– Statistikaya baxsaq geridə qalan 16 turda "İnter" ən ax qol buraxan, ən az uduzan komandadır. Ümumilikdə "İnter" statistikada bir çox klubları qabaqlayır. Bunun nəticəsidir ki, komanda liderlər qrupunda yer alıb. "Xəzər Lənkəran" iddiasını heyətini itirməklə yanaşı itirir. "Qəbələ"nin oyunu göz qabağında. "Neftçi" də əvvəlki "Neftçi" deyil… Qalır təkcə "Qarabağ"… Sizcə, bu dəfə hədəfə çatmaq mümkün olacaq? Çünki bundan gözəl şans bəlkə də bir də olmayacaq…

Düzdü, statistika bizim lehimizədi. Qarşıdakı turlarda da inanıram bu statistika daha da yaxşılaşacaq. Ancaq indidən danışmaq da düz olmaz. "İnter"i qarşıda uzun marafon gözləyir. Bilirsiz, hər bir oyunun öz çətinliyi var. Birdə görürsən ki, komandalar favorit olduqları matçda xal itirirlər. Bir çox xüsusiyyətlərimiz bizi digər komandalardan fərqləndirir. Sadalanan bu faktlar bizim çempionluğa olan yolumuzu açır. Ancaq bu asan bir şey deyil. Qarşıdakı mərhələdə hansı komanda psixoloji, fizioloji cəhətdən hazır olacaqsa o da çempionluğa sahib olacaq. Əgər "İnter" bu tərzdə oynasa və hücum xəttini biraz da gücləndirsə qarşına qoyduğu məqsədə çatacaq.

– "Qarabağ" və "İnter" – potensialları yan-yana qoysaq hansı komandanın çempionluq üçün daha şanslı hesab etmək olar?

"Qarabağ" Azərbaycanda artıq brend bir komandaya çevrilib. "Qarabağ" hal-hazırda çox güclü komandadır. Statistik rəqəmlər də "Qarabağ"ın lehinədi. Son 4 ildə biz "Qarabağ"ı yenə bilmirik. Belə bir deyim var, "Meydan düz, top yumru", bilmək olmaz. Psixoloji cəhətdən hazır olan komanda sonda qalib olacaq.

– Səbuhi, nəticə var, komanda hər il mükafatçılar sırasına düşərək avrokuboklara vəsiqə qazanır. Ancaq milliyə ən az futbolçu verən iddialı klub da məhz "İnter"di. Sən bunu milli məşqçilərinin "İnter"ə olan biganəliyi ilə əlaqələndirərdin, yoxsa…?

Mən bunu diqqətsizliklə əlaqələndirməzdim. "İnter" komanda şəkilində oynayır. Burada sırf lider yoxdu. Komanda şəkilində oyun göstərdiyindən ola bilsin ki, məhz bu amil də rol oynaya bilər. Bunu sırf biganəlik kimi düşünmürəm. Ola bilsin ki, yeni baş məşqçi bundan sonra daha çox diqqətini yönəltsin. Mirzəbəyov, Diniyev, Ağayev kimi oyunçuların sərgilədiyi futbol göz qabağındadı.

– Biz adətən görmüşük ki, komandanın heyətində 3 və ya 4 fərqli ölkədən futbolçular olar. Misal üçün "Qarabağ"da, "Neftçi"də, "Xəzər Lənkəran"da braziliyalılar üstünlük təşkil edir. Həmin klublarda digər ölkələrdən gəlmələr azdı. "İnter"in iştirak ərizəsinə diqqət yetirdim, tam 10 ayrı ölkədən futbolçu var. Hollandiya, Braziliya, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Gürcüstan, Rusiya və digərləri… Bu qədər ökələri, mədəniyyətləri, oyuna baxış bucaqları fərqli futbolçuları bir araya gətirmək çətin olmadı ki?

Sxadadze özü peşəkar məşqçidi. Özü də futbolçu olub. Ümumilikdə o, futbolçularla necə ünsiyyət qurmağı bilən biridi. Transferimizin coğrafiyasının geniş olması seleksiya işinin nəticəsidi.

– Sxadadzenin daxili arenadakı uğurlarından danışdıq. Çempionluq, hər il mükafatçılar sırasında yer alaraq avrokuboklara vəsiqə qazanmaq müsbət haldır. Ancaq əsas sözü avrokuboklarda demək lazımdı. Böyükağa Hacıyev, Qurban Qurbanov bu missiyanı demək olar həll etdilər. Uzun müddətir ki, "İnter"in başında olan Sxadadze bu mövsümdə də avrokuboklarda qrup üzünə həsrət qalsa rəhbərlik onu saxlayacaq, yoxsa daxili arenadakı uğurlar "İnter"ə bəs edir?

Sxadadzeyə sual vermişdilər ki, "gedirsinizmi"? O, isə cavab olaraq "Mən "İnter"i qrup mərhələsində görmək istəyirəm, bu mənim arzumdu" – demişdi. Həqiqətən də Sxadadze bu arzularla gələcəyə nikbin baxır. Rəhbərlik ona güvənir. Onun rəhbərliyi altında "İnter" qızıl, gümüş, bürünc medallara sahib olub. Kubok finalına vəsiqə qazanıb… Hər bir nəticə var, təkcə qrup mərhələsində oynamaqdan başqa. Sxadadze çox istəyir və hədəfi də tək budur: komandanı qrup mərhələsinə daşımaq.

– Artıq bir neçə günə qış "transfer pəncərə"si açılır. Komanda hansı mövqelərə transferlər edəcək?

Sxadadzenin öncə verdiyi açıqlamalara əsaslansaq hücum xəttinə transferin olunmasını gözləmək olar. Heyətin əsası qalacaq. Əgər dəyişiklik olsa belə kosmetik olacaq.

– Biraz da öz işinizdən danışaq. Geridə qoymaqda olduğumuz 2014-cü ildə "İnter"in mətbuat xidməti nə kimi yeniliklərlə yadda qaldı. Nə kimi planlarınız oldu ki, onu bu il həyata keçirə bilmədiniz və qarşıdakı ildə hədəfləriniz içərisindədi?

İlk olaraq yenilik kimi mətbuat xidmətinin tərtib elədiyi kitabı demək istəyərdim. Komandamızın 10 illiyi ilə bağlı mətbuat xidməti kitab ərsəyə gətirdi. 2014-cü ildə mətbuat xidməti olaraq oyunların canlı yayımlanması, müsahibələrin hazırlanması prosesi də davam elədi. Yeni ildən bir layihəmiz var. İstəyirik ki, "YouTube" kanalımızda canlı yayımlanacaq bu verlişə futbolçular, məşqçilər və jurnalistlər dəvət alsın. Radiomuzun da canlanması üçün çalışacağıq.

– "İnter TV" haqda da danışaq… Bu il neçə yayım baş tutdu, nə kimi problemlər oldu?

Bu mövsüm baş tutan 16 oyunun yalnız biri canlı yayımlanmadı. Həmin matç da "Araz Naxçıvan"la səfər oyununa təsadüf etdi. Hazırlıqsız olmağımız bu matçın baş tutmamasına səbəb oldu. Bəzən bir, bəzən iki kamerayla çəkirik. Düzdü, bəzi hallarda keyifiyyətsiz alınır, lakin əsas olan azarkeşlərimiz xəbərsiz qalmamasıdı.

– Qarşıdan yeni il gəlir. "İnter" adına "Şaxta baba"dan nə istəyərdin?

(gülür) Uğur, cansağlıqı və əsas olan azarkeşlərimizin stadionlardan başıaşağı deyil, daim gülərüz getmələrini.

Həmsöhbət oldu: Səxavət Qurbanov

Fotoqraf: Vüsal Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43