Müsahibə

Səməd Nəsibov: “UEFA işimizi mükəmmələ yaxın dəyərləndirdi” (MÜSAHİBƏ, I Hissə)

Uzun müddətir ki, ondan müsahibə götürmək istəyirdim. Təbii ki, təmsil etdiyi klubun oyunları zamanı, oyundan öncə və ya sonra deyil, məhz sakit bir vaxtda suallarıma cavab almaq istəyirdim. Məhz buna görə də bir müddət gözləməli oldum. Və Nəhayət ki, bu istəyim baş tutdu.

Söhbət tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Qəbələ”nin Media və marketinq üzrə meneceri Səməd Nəsibovdan gedir.

Müsahibim bir neçə maraqlı məqamlara aydınlıq gətirərək, çatışmamazlıqlardan və onların həlli yollarından danışdı.

– Səməd, ilk olaraq ötən il verdiyin açıqlamadan başlayaq. “Biz “Qəbələ”ni brendə çevirmək istəyirik” demişdin. Bu müddət ərzində istəyinizə nə dərəcədə nail oldunuz?

Əslində bu sözü demişəm və  kifayət qədər iddialı açıqlamadı. Brendə çevirmək, brend olmaq futbol dili ilə desək UEFA Avropa Liqasında final oynamaq kimi bir şeydi. Fikirləşin ki, bir paltar alırsınız və həmin brendin adı gələndə düşünmürsüz pisdi, ya yaxşıdı. Çünki brenddi, istənilən halda yaxşı olacağını bilirsiz. Brend klub olmaq olduqca çətindi. Belə bir iddiamız var. İşlədiyim klubda bu hədəfimiz orta və uzun müddətə hesablanıb. Çünki belə nəticə ala bilərsiniz. Ancaq həmin nəticənin ömrü uzun olmaz.

Bilirsiz, brend olmaq  idman uğuru ilə ölçülməməlidi. Brend olmaq odur ki, sizin yaxşı infrastukturunuz var, partnyorunuz var, biznes qolu kimi yaxşı inkişaf eləmisiz, akademiyanızdan yaxşı futbolçular yetişir, xaricə futbolçu sata bilirsiz və bütün bunların fonunda idman uğurlarınız var. Əvvəl sadaladıqlarımda ola bilər idman uğurlarınız sizi arxadan itəliyə bilər və ya idman uğurları sizi harasa çıxardar və yuxarı dartar. Azərbaycan mentaliteti elədir ki, ikinci variant bizim üçün daha keçərlidi. Uğur burada ilk şərtdi.


“Özümü daxildə buna hazırlamışdım”.

– “Qəbələ” tez nəticə aldı, yoxsa…?

“Qəbələ” vaxtında nəticə əldə elədi. Bunun davamı ölkə çempionluqu və ölkə kuboku ilə gəlməlidi. 

– Brend klub olmaq üçün bir neçə nüans sadaladınız. Bunlardan biri də akademiyada futbolçu yetişdirmək idi. Necə düşünürsən yerli futbolçularla bu hədəfə çatmaq olar?

Marketinq nəzərindən bizim yerli futbolçular, xüsusən də qəbələli futbolçular olmalıdı. Bu mütləq belə olmalıdı. Azərbaycanlı futbolçularla da hədəfə çatmaq olar.

– Bu sualı ona görə verdim ki, ötən il “Şiroki Briyeq” faciəsində ən azı əsas heyətdə 8-9 azərbaycanlı futbolçu var idi. Bu il isə tam əksi elə bu qədər sayda legionerlə uğur qazanmaq mümkün oldu…

Bu məsələ haqda şərh verməyim düz çıxmaz. Mən sadə bir məntiqlə fikirləşirəm ki, insan oğlunda hər cür qabiliyyət var. Bizim insanlarda zəka potensialı yüksəkdi. Hər şeyin başında zəkadı. Necə bayaq dedim ki, idmanda uğurlar yuxarı dartıb çıxardacaq, eləcə də insanda zəka yuxarılara aparır. Geri qalan şey işinə daha peşəkar yanaşmaq, özünə yaxşı qulluq eləmək, emosianallıqdan kənar qalmaq. Ümumiyyətlə bizdən də yaxşı futbolçular, ulduz oyunçular çıxa bilər.

– Ötənilki uğursuzluqdan sonra heç kim “Qəbələ”dən bu cür nəticə gözləmirdi. Anidən gələn uğur türklər demişkən sizi hazırlıqsız “yakalamadı”?

Mən 2009-da klubda işə başlamışam. 2010-cu ildən ÇL və ya AL qrupunda oynayacağımız günü gözləmişəm. Belə deyək ki, özümü daxildə buna hazırlamışdım. Qrupda oynamaq tam başqa bir şeydi. Söhbətin əvvəlində dediyim kimi qrupda oynamaq klubun brendə çevrilməsi, strukturundan tutmuş hər şeyimizə kimi təsir eləyir. Belə nəticələr sizi qəlbə salır. Ümumi baxanda biz buna hazır idik.


“UEFA işimizi mükəmmələ yaxın dəyərləndirdi”

– Elə məqamlar oldumu ki, “biz bunu belə etməliydik, belə oldu” – dediz? Təcrübəsizliyin “qurbanı” oldunuzmu?

Təşkilatçılıq tərəfindən hər şey yaxşı oldu. Burada özmüz-özümüzə yox, kənardan, UEFA-dan gələn dəyərləndirmə var. Sizə bir sirr açım ki, “Borussiya” ilə Bakıdakı oyundan sonra UEFA-nın dəyərləndirmə hesabatında belə qiymətləndirilib ki, mükəmmələ yaxın təşkilatçılıq olub. Bu da o deməkdir ki, ümumi futbol dilində danışa bilirik.

– “Qəbələ”nin Avropa Liqasının ilk təsnifatından bu yana qarşılaşdığı rəqiblərə nəzər yetirsək ya erməni rəhbərliyə malik, ya ermənipərəst ölkə təmsilçisi, ya da erməni futbolçu çıxış edən klublar idi. Sanki öncədən belə plan cızılmışdı. Bu qədər təsadüfün eyni mövsümdə “Qəbələ”nin başına gələcəyini necə, gözləyirdinmi?

Bu cür mövzularla əlavə gərginlik yaratmamaq lazım olduğunu düşünürəm.  Təbii ki, “Apollon”la oyunda bayrağımızı cırdılar, yandırdılar, Tiflisdə hörmətsizlik elədilər. Bunlar bizə əlavə stimul verir. Kaş ki, bayraq yanmazdı biz başqa yöndə stimul alardıq. Ehtiyac yox idi belə şeylərə. Düşmənçilik ayrı müstəvidə həll olunmalıdı. (Ardı Var)

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43