"Simurq"un sabiq meneceri Zöhrab Əliyevin idmanxeber.com-a müsahibəsi.
– İlk olaraq "Simurq"un geridə qoyduğumuz mövsüm ərzindəki çıxışlarına toxunaq. Komanda 7-ci pillədə mövsümü yekunlaşdırdı.
Komanda cox yaxşı komplektləşdirilmişdi. Yayda Turkiyədə və Avstriyada çox gözəl toplantı keçirdik. Sadəcə toplantının son iki oyunu Macarıstanin ikinci liqa klubu ilə oldu, qalib gəldik. Artıq onda hiss olundu ki, komandanın futbolçuları bir-birini yaxşı başa düşmürlər.
Komandanı yeni ildən qabaq birinci yerdən cəmi 6 xal ayırırdı. İndi isə hər şey göz qabağındadı. 7-ci yer iddialı komandanın yeri deyil. Fikrimcə daha cəsarətli oyun göstərsəydilər, daha irəli getmək olardı.
– Klubun büdcəsi məlumdu. Hətta "Simurq"un ilk dövrədə çox oyunları səfərdə keçirdiyini də nəzərə almaq lazımdı.
Büdcə? "Atletiko" sübut etdi ki, büdcə çox da önəmli deyil. Səfərdə oynamağımızın isə günahı özümüzdə oldu. Vaxtında süni meydançanı dəyişsəydik belə olmazdı. Demək istəyirəm ki, günahı özümüzdə axtarmalıyıq. Ancaq orada kimsə günahı üzərinə götürmür.
Klubun bacardığı budur. Bundan yuxarı getmək üçün çox şey dəyişməlidi. Bir misal gətirim. Misal üçün mən hesab edirəm ki, "Nefçi" gələn il çempionluğa ən real namizdə olacaq. Ona görə indidən cavan, azərbaycanlı uşaqları oynadırlar.
– Sizin klubdan nəyə görə ayrılmağınız hələ də sual olaraq qalır. Bəlkə səmimi olaraq son nöqtəni qoyub, bütün suallara aydınlıq gətirəsiz?
Maliyyə, rəhbərliklə razılaşmamağım, başıdikliyim, hər şeyi üzə deməyim. Budur əsas səbəb.
Futbol sahəsinde çalışmaq üçün futboldan başın çıxmalıdır. Bu sözlər klubun sponsoru və klubun bir nömrəli şəxsinə aid deyil. Ümumi götürəndə futbol üçün çalışmaq lazımdı. Ancaq sənin başın çıxmırsa nə etsən də bacardığından yuxarı çıxa bilməzsən.
Məşqçilər korpusu futbol adamlarıdı. Vaqif Əliyev də keçmişdə futbol adamı olub və gözəl bilir. Sadəcə hər şey 5-6 nəfərlə bitmir. Klub bir mexanizmdir. Hansısa bir detal işləməyəndə bütün mexanizm dayanır.
– "Simurq"dan ayrılmağınıza səbəb kimi legionerlərin qış fasiləsində ölkələrinə yollanmaq üçün səfər biletlərini səhv salıb və klubu əlavə xərcə düşürməyiniz göstərilirdi.
Ən gülməli yeri elə buradı. Dostlarım mənə zəng edib dedilər. Bilmirəm kim uydurub bu xəbəri.
Klubun prezidenti forma işi ilə məşğul olur. Bunun üçün işçilər olmalıdır.
– Klubun prezidenti niyə forma işi ilə məşğul olur?
Onu artıq məndən yox, klubdan soruşun. Peşəkar klub təkcə adı ilə olmamalıdır. Hərəkətləri ilə sübut etməlidir hər dəfə. "Neftçi"ni misal çəkə bilərəm. Çox peşəkar klubdu, hər kəs öz işini bilir. Nəticəsi də qrup mərhələsinə çıxdılar, yerli futbolçular yetişdirdilər. Qeyri-peşəkarlar sayəsində "Simurq" irəli gedə bilmir.
– Qeyri – peşəkarlar deyəndə kimləri nəzərdə tutursuz?
Mən olan zaman klubun kadrlar şöbəsi heç futbolçuları üzdən tanımırdı. Klubun bir sıra məsul işçisi heç futbolçuları üzdən tanımırdı. Ancaq indi hər şey dəyişib. Problem məndə idi ki, belə şeylərə fikir verirdim. Yəqin ki, susmaq lazım idi. İndi futbolçulardan tutulan faizlərə qəşəng yaşayardım. Bir "Jeep", bir dənədə Bakıda ev alardım.