24 Dekabr 2024
Kateqoriyasız

“Sizə açıq deyirəm, əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik”

“Sıx yarış qrafiki yaranıb, bizim də iki heyətimiz yoxdu ki, həm kubokda, həm də çempionatda mübarizə aparaq. Bir yerə köklənməliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu fikirlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdur.

Ölkə kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la oyun öncəsi təcrübəli mütəxəssis açıqlamasında bunları deyib:

“Üç gündən bir oyun olanda çatdırmaq çətindir. Lənkəranda az güc sərf edib qələbə qazanmağa çalışacağıq. Oynamayan futbolçulara şans verəcəyik. Əsas gücümüzü “Sumqayıt”la çempionat matçına saxlayacağıq. Bununla belə, kubok görüşünə də elə-belə baxmırıq. “Kəpəz”in formasının geyinən hər bir futbolçu komandanın əsas heyətinin üzvü sayılır. Az oynayanlara şans yaradacağıq ki, özlərini göstərsinlər”.

“Xəzər Lənkəran” – “Kəpəz” komandaları indiyədək Azərbaycan kubokunda qarşılaşmayıblar. Bu mənada tərəflər dekabrın 2-də ilk dəfə üz-üzə gələcəklər:

“Bu gün Premyer Liqada demək olar ki, zəif rəqib yoxdu. Zəif deyilən klublar çempionatda qələbələr qazanıb xal yığmağa başlayıblar. Hər bir komanda liderləri büdrətmək gücünə malikdir. Bütün oyunlar üçün maksimum güc sərf etmək lazımdır. Asan və yarı güclə oyun udmaq mümkün deyil. “Xəzər Lənkəran” güclü rəqibdir. Doğma meydanda azarkeşlərinin önündə oynayacaqlar və qələbə qazanmağa çalışacaqlar. Asan oyun olmayacaq.

Kubokda hələ ki, dəqiq strategiyamız yoxdur. Ona görə ki, heyətimiz geniş deyil, dəyişiklik etmək imkanımız azdır. Ancaq gələcəyə nikbin baxırıq, kubokda nə qədər uzaq gedə bilsək, gedəcəyik. Sizə açıq deyirəm, əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43