27 Noyabr 2024
İdman

“Sizləri məğlub yola saldığıma görə isə həqiqətən məhv oluram” – VİDEO

“Kəpəz”in “Facebook”dakı rəsmi səhifəsində yayımlanan “90+” videorubrikasının növbəti qonağı komandanın qapıçısı Davud Kərimi olub. 

İdmanxeber.com-un məlumatına görə, əlcək sahibi azarkeşlərin ona ünvanlandığı sualları cavablandırıb.

Davud Kərimi: “90+” rubrikası üçün mənə verdiyiniz maraqlı və gözəl suallara görə sizə təşəkkür edirəm. İndi isə suallarınızı cavablandırmağa başlayaq.

Elçin Quliyev: Davud, gəncəlilər səni çox sevir. Son oyunlarda ciddi səhvlərlə yadda qaldın, bunu nə ilə izah edərsən?
Davud Kərimi: Son oyunlarda deməzdim ki, ciddi səhvlərə yol vermişəm. “Kəpəz” komandasına gələndən “Qəbələ” ilə oyunda kobud səhvə yol verdim. O, mənim ciddi səhvim idi. Bundan sonra çalışacağam ki, həmin səhvlər təkrarlanmasın.

Sabir Hüseynov: Biz ötən mövsümdəki Davudu görə bilmirik. Səbəb nədir? Ardıcıl məğlubiyyət çıxışına psixoloji təsir edir?
Davud Kərimi: Mən həminki Davudam. Deməzdim ki, məğlubiyyətlər bizə təsir etmir, edir. Biz də istəməzdik ki, məğlub olaq. Çalışacağıq ki, bundan sonra sizləri qələbələrlə sevindirək.

Mustafa Seyidov: Bir qapıçı üçün oyunda qol buraxmayıb heç bir seyv etməməsi, yoxsa 2 top buraxıb 5 seyv etməsi daha yaxşıdır?
Davud Kərimi: Əgər mənim komandam qalib gələcəksə, hər ikisini istəyirəm. Hər ikisi mənim üçün yaxşıdır. Seyv etməyim, amma komandam qalib gəlsin, bu da mənim üçün yaxşıdır. 2 top buraxım, 5 seyv edim, amma komandam qalib gəlsin, bu da yaxşıdır.

Coşğun Namazlı: Azərbaycanın hansı bölgəsindənsən?
Davud Kərimi: Azərbaycanın gözəl guşələrindən olan Göyçaydanam. Bu rayonda doğulmuşam, boya-başa çatmışam. Göyçayda futbola marağım necə yarandı, sizə danışım. Atam futbolçu olduğuna görə ondan futbola marağım artıb. Sizə deyim ki, atam həvəskar olsa da, qapıçı idi. Ona görə mən bu sahəni seçmişəm.

Sənan Hacıyev: Ən çox sevdiyin fanklub hansıdır?
Davud Kərimi: Mən xoşladığım hansısa fanklubun adını çəkməyəcəm. Çünki seçim etməyəcəm. Azərbaycanda bir nömrəli olan bütün “Kəpəz” azarkeşlərini sevirəm və onlar qarşısında baş əyirəm.

Gəncəli Qasımov Rəşad: Karyeran ərzində ən pis oyunun nə vaxt olub?
Davud Kərimi: Karyeram ərzində ən pis oyunum deməzdim, sadəcə, “Qəbələ” ilə oyunda, həqiqətən də özümü çox pis hiss etdim. “Qəbələ”yə məğlubiyyət mənə çox pis təsir etdi.

İbrahimov İbo Ələkbərov: Qələbə üzünə həsrət qalan “Kəpəz” azarkeşlərini qış fasiləsindən sonra sevindirə biləcəksiniz?
Davud Kərimi: Qış transfer pəncərəsi açıldıqdan sonra, yəqin  ki, biz də komandanı gücləndirərik və sizləri qarşıdakı dövrələrdə qələbələrlə sevindirərik.

Nurəddin Zeynalov: Nəyə görə “Kəpəz”?
Davud Kərimi: “Kəpəz” “Kəpəz” olduğuna görə. “Kəpəz”in tarixi olduğuna görə “Kəpəz”. Köklü komanda olduğuna görə “Kəpəz”. Ən başlıcası, mənim fikrimcə, Azərbaycanda bir nömrəli azarkeş qrupu olduğuna görə “Kəpəz”!

Nadir Məmmədov: Qol buraxdığın vaxtlarda hansı hissləri keçirirsən?
Davud Kərimi: Qol buraxdığım vaxtlarda çox pis oluram, sizləri məğlub yola saldığıma görə isə həqiqətən məhv oluram.

Cəlil Şahbazlı: Davud futbolçu yox, başqa hansı peşənin sahibi ola bilərdi?
Davud Kərimi: İnanın ki, futbolçu olmasaydım… Özümü futboldan kənarda tuta bilmirəm. Ona görə də futbolçu olmasaydım, futbol ilə əlaqəli peşədə çalışmaq istəyərdim.
 
Davud Kərimi rubrikanın sonunda oxuculara müraciət edib: “Suallarınızı oxudum, cavablandırdım. Bizləri sevdiyiniz üçün sizə minnətdaram. Sizin sevginizi hiss edirik, hər zaman da hiss etmişik. Biz məğlub olanda belə arxamızda dayandığınıza görə sizə təşəkkürümüzü bildiririk. Bundan sonra da dəstəyinizi əsirgəməyin. Hər zaman yanımızda olun. Minnətdaram sizlərə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43