22 Sentyabr 2024
Ölkə futbolu

“Slovakiya klubu “Şerif”dən zəif deyil, səfərdə “Zirə”ni çətin oyun gözləyir”

“Maraqlı oyunun şahidi olduq. “Zirə” rəqibini açıq-aşkar üstələdi. Hələ matç öncəsi demişdim ki, “DAK 1904” “Şerif”dən zəif rəqib deyil. Sadəcə komandamız çox yaxşı oyun göstərdi. Məşqçilər heyəti rəqibi düzgün analiz etmişdi”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov komandanın Konfrans Liqası II turu çərçivəsi ilk görüşündə qalib gəldiyi “DAK 1904” maçtı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Slovakiya klubu 5-3-2 sistemində meydana yayılmışdı. Buna baxmayaraq, “Zirə” rəqibin müdafiə xəttində boşluqlar tapa bildi. Bunun da nəticəsində 4 qolla qalib gəldik. Bu nəticə böyük üstünlükdü, amma yenə də səfərdə işimiz asan olmayacaq. Rəqib doğma meydanda böyük azarkeş kütləsi önündə çıxış edir. “Zirə”nin bu mərhələni adlayacağına inanıram”.

Təmsilçimizin növbəti mərhələdə potensial rəqibləri olan “Osiyek” (Xorvatiya) və “Levadia” (Estoniya) oyununda isə Xorvatiya klubu fərqli qələbə qazanıb – 5:1. Əgər cavab qarşılaşmalarında futbol möcüzəsi baş verməsə, “Zirə” məhz “Osiyek”lə üz-üzə gələcək.

Həşimov bu mərhələdə komandamızın şansları barədə suala isə belə cavab verdi:

“Gəlin, tələsməyək. Düzdür, “Zirə” ilk görüşdə çox yaxşı nəticə qazanıb. Amma təcrübə göstərir ki, tələsmək olmaz. “Şerif”i də ilk görüşdə məğlub etmişdik. Hələ o matçdan sonra dedim ki, cavab oyunu var, heç nə bilinmir. İndidə də eyni fikirdəyəm. Növbəti mərhələ üçün danışmaq tezdir. Slovakiyadakı görüşü gözləyək”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43