“Rəqibi təbrik edirəm. Açığı, “Qarabağ”la oyundan sonra bizim üçün hər şey bitmişdi. Çempionatdakı yerimizi təmin etmişdik. Bu səbəbdən də “Zirə” ilə matça stressiz, rahat çıxmışdıq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının son turunda “Zirə”ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib. O, daha sonra belə davam edib:
Belə oynadığın oyundan sonra futbolçulara nə deyəcəyini də bilmirsən. Qınanılası bir şey də yoxdur. Bir tərəfdən də düşünürsən ki, cansağlığı baxımından bundan yaxşı şey yoxdur. Otur rahat oyununa bax, nə olar olar. Təki bütün matçlarımız gərgin keçsin”.
Abasov Sumqayıtın daha yaxşı komandaya layiq olduğunu vurğulayıb: “Qalan futbolçularla işimiz çoxdur. Gedəcək futbolçulara isə uğurlar arzulayıram. “Qarabağ”la oyundan sonra gələcək planlarımızın üzərində işləməyə başlamışıq. Məncə, bu şəhər daha yaxşı yerlərə, daha yaxşı futbola layiqdir. İnanıram ki, növbəti mövsüm fərqli olacaq”.