Keçən həftə İspaniyanın «El Pais» qəzeti «Atletiko»nu yıxıb-sürüyən bir yazı dərc eləmişdi. Yazının müəllifi Madrid klubuna xitabən təxminən belə yazmışdı: «Utanmırsız, ölüb yerə girmirsiz, insan haqlarının kobud şəkildə pozulduğu, seçkilərin aşkar saxtakarlıqla keçirildiyi, diktaturanın çiçəkləndiyi ölkəni reklam eləyirsiz?». Qəzetdə “Atletiko” elə arqumentlərlə susdurulmuşdu ki, qarşı tərəf özünü müdafiə belə eləyə bilməmişdi. Klub rəhbərliyi bir suala ümumiyyətlə cavab verməyə söz tapmamışdı: “Bilirsizmi ki, sizə verilən məbləğ əslində Azərbaycan xalqına çatası pullardı?». Bax, bu qədər dəqiq və gözəl.
“Atletiko”ya reklama görə ödənilən 20 milyon avronun məsuliyyətini “Bakı”nın prezidenti Hafiz Məmmədov daşıyır. “Hafka” bununla guya hakimiyyətə xidmət jesti göstərib. Bəzi yoldaşlar bu jesti müdafiə eləməyə başladı ki, nəyi pisdi, ölkəmiz reklam olunur. Belə reklam bizim nəyimizə lazımdı?! Məsələn, “Barselona” birdən durub Mozambiki reklam eləməyə başlasa, nə dəyişəcək ki?! Ölkənin reklam olunması üçün adını hansısa futbol klubunun formasına belə böyük pullar hesabına yazdırmağın nə mənası var? Azərbaycanda, lap elə Mozambikdə demokratiya bərqərar olsa, bu daha yaxşı reklam olmayacaqmı? Həmin pula neçə azərbaycanlı balasına xaricdə təhsil vermək olardı. O uşaqlar təhsil alandan sonra Azərbaycanı dünyada daha az reklam eləyəcəkdilərmi?
Hər dəfə Hafiz Məmmədov belə gülməli addımlar atanda məşhur killer Hacı Məmmədovun məhkəmədəki çıxışı yadıma düşür. Onun oğurladığı adamların sırasında “Hafka”nın yaxınlarından biri də olmuşdu. İş orasındadı ki, Hacı Məmmədov “karyerası” ərzində ən böyük məbləği də pulunu xərcləməyə yer tapa bilməyən Hafiz Məmmədovdan almışdı. Deməli, killer düşünüb ki, “Bakı”nın prezidentindən bir milyon dollar istəsin. Zəng vurub ona, Hafiz Məmmədov da başlayıb gileylənməyə ki, “Hacı müəllim, bilirsiz, vəziyyət çətindi, ayda heç yüz mini qazanmaq olmur”. Hacı Məmmədov bu ifadədən şoka düşüb və məbləği 10 milyon dollara qaldırmışdı. Axırda “Hafka” iki milyon dollar və 200 min avro ilə yaxınını girovdan qurtara bilmişdi.
Bu nə təfəkkürdü bizim məmurlarda?! Milli komanda qələbə qazanır, hər futbolçuya 100 min manat mükafat verirlər. Sizə kim icazə verib ki, ölkənin pullarını kimə gəldi bağışlayasız? Axı milli komandanın futbolçusu heç bir əhəmiyyət daşımayan oyunda qələbəyə görə niyə belə fantastik mükafat almalıdı? Seçki Azərbaycan xalqına niyə belə baha oturmalıdı? Təkcə bir mənasız qələbəyə görə verilən mükafata bilirsiz nələr eləmək olardı? Bilirsiz bu ölkədə nə qədər adam yoxsulluq içində yaşayır?! Niyə milli komandanın hansısa istedadsız futbolçusu evə 100 min manat apardığı halda, minlərlə istedadlı elm adamının balası ac yatmalıdı? Yığışdırın bu şounu! Eşidirsiz? Yığışdırın! Heç kim sizə xalqın pullarını dədə malı kimi sağa-sola xərcləməyə haqq verməyib!
Coşqun Eldaroğlu, “Komanda” qəzeti